Azərbaycanda kriptovalyutalara maraq artır - NƏYƏ DİQQƏT YETİRMƏK LAZIMDIR? - VİDEO

22 Noyabr 2021 15:42

Gündən-günə ölkəmizdə kriptovalyutalara maraq artır. Dünyanın ən gəlirli sahələrindən sayılan kriptovalyuta, yəni virtual valyuta bazarı, həm də ən riskli sahələrdən biri hesab olunur. Bu sektorda xeyli qazanc əldə edənlər olsa da, zərərçəkənlər də az deyil. Bəs virtual birjada maliyyə itkiləri ilə qarşılaşmamaq üçün nələrə diqqət etmək lazımdır ? 

Son zamanlar kritpovalyutaya - rəqəmsal valyutaya dünya miqyasında marağın artması ölkəmizdən də yan keçməyib. Bu sahə ilə maraqlanan insanların sayı durmadan artmaqdadır.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, iqtisadçı ekspert Rəşad Həsənov deyir ki, bu sahə gəlirli hesab edildiyindən gənclərin marağı böyükdür. Onun sözlərinə görə, ilk baxışdan mexanizm olduqca sadə görünür. Aşağı qiymətə alınan koin, yəni virtual pul bir muddət sonra bahalaşdıqda investor onu satır. Bəzən 100 dollarlıq əməliyyatla alınan koindən bir neçə günə 10 qat artıq qazanc əldə etmək mümkün olur. Amma hər şey göründüyü kimi sadə deyil. Düzgün araşdırılma aparılmadan icra edilən əməliyyatlar əksər hallarda ciddi maliyyə itkilərinə səbəb olur. 

Virtual valyuta bazarı fırıldaqçıların ən çox fəaliyyət göstərdiyi biznes kimi də xarakterizə olunur. Hər il minlərlə insan bazara çıxarılan saxta koinlərin qurbanı olur. Əvvəlcədən insanlardan pul toplayan dələduzlar müəyyən vaxt sonra birjaya yeni koin çıxaracaqlarını vəd edirlər. Yaxud da birjaya çıxarılan koin bir müddət sonra vəsait topladıqdan sonra bir dəfəlik yoxa çıxır. Ekspertlər tanınmış və təsdiqlənmiş birjalardan əməliyyat həyata keçirməyi tövsiyə edirlər.

Ekspert əlavə edib ki, ölkəmizdə aktiv kriptoinvestorlarının sayı təxminən 10 minə yaxındır. Ona görə də vətəndaşlar bu sahəni ətraflı araşdırmadan heç bir əməliyyat aparmamalı, eləcə də koin alqı-satqısı üçün kənar şəxslərə ödəniş etməməlidirlər. Əks halda dövlət tərəfindən heç bir təminatı olmayan bu birjada qoyulan pulların itirilməsi qaçılmazdır.

Milli.Az