Nağdsız ödənişlərin əhatəsi genişlənir - VİDEO

22 Noyabr 2021 18:54

Vergi Məcəlləsinə təklif edilən və Milli Məclisdə müzakirəsi gedən dəyişikliklər qəbul edilərsə, gələn ildən sadə istehlakçıların mütəmadi müraciət etdiyi bir sıra xidmət sektorlarında nağdsız ödənişlər şərt olacaq.

Bu şərt həm pərakəndə ticarət sektorunu, həm də digər xidmət sektorlarını əhatə edəcək.

Milli.Az xəbər verir ki, iqtisadçı ekspert, Auditor Palatasının üzvü Anar Bayramov REAL TV-yə müsahibəsində bildirib ki, Vergi Məcəlləsinə təklif edilən dəyşiklər paketi çərçivəsində "Nağdsız hesablaşmalar haqqında" qanuna da müəyyən düzəlişlər ediləcək və bu düzəlişlərə görə, bir çox xidmət sahələrində nağd ödənişlər üçün yuxarı hədd müəyyən ediləcək.

"2022-ci ildən etibarən "Nağdsız hesablaşmalar haqqında" qanuna da müəyyən əlavə və dəyişikliklər də nəzərdə tutulur. Bu qanunda əhaliyə təsir edən istiqamətlərdən biri budur ki, əhali sadə vətəndaş tibb müəssisələrində, aldığı tibbi xidmətlərin dəyəri 500 manatdan artıq olduqda, aldığı mebel və məişət texnikalarının dəyəri 10 min manatdan artıqdırsa, mağazalardan, ticarət obyektlərindən aldığı malları dəyəri 2 min manatdan artıqdırsa, belə olan təqdirdə həmin ödənişləri mütləq nağdsız qaydada həyata keçirməlidir. O cümlədən ticarət təşkilatlarından alınan avtomobillərin ödənişi mütləq nağdsız şəkildə (ödəniş miqdarından asılı olmayaraq) mütləq nağdsız qaydada həyata keçirilməlidir".

Təbii limitlər bir əməliyyat çərçivəsində baş verən ödənişlərə şamil edilir. Yəni eyni gün ərzində eyni ticarət obyektindən bir neçə dəfə alış-veriş etdikdə, hər dəfə məbləğ limiti keçmədikdə, nağd alış-veriş baş tuta bilər.

Ekspertin sözlərinə görə, qanuna dəyişiklər təklif edilməzdən öncə ciddi araşdırmalar aparılıb və limitlər ona görə müəyyən edilib.

"Əgər 2 min manatlıq bir limit bütün alışlara tətbiq edilsəydi, bildiyimiz kimi mebel avadanlıqlarının, məişət texnikası avadanlıqlarının qiyməti yüksək olduğu üçün, qanunla bir qədər ziddiyyət təşkil edərdi və əhalinin - istehlakçıların hüquqlarını pozardı. O səbəbdən, mebellər üçün, məişət texnikası üçün, statistik olaraq 10 min manat minimum götürülmüşdü. Yəni 10 min manata qədər nağd qaydada ala bilər. 10 min mantadan yuxarıdırsa, mütləq burda, nağdsız qaydada ödəniş etməlidir. Həmçinin tibbi xidmət, yəni orta statistik bir vətəndaşın aldığı tibbi xidmət, 500 manata qədərdirsə, ola bilər, vətəndaş gün ərzində kiçik bir tibbi xidmət alar, qiymət onun 30-40 manatdır, yəni mütləq nağdsız qaydada ödəniş edilməsi - belə olan natğdsız ödəniş edə bilməyən vətəndaşların fəaliyyəti məhdudlaşmış olur, hüquqları pozulur, çünki, bildiyimiz kimi əhalinin nağdısız öcdənişlərlə bağlı maarifləndirilməsi hələ o səviyyədə deyil. Bir çox insanlar var ki, gəlirləri yalnız nağd qaydadadır".

Yəni bu məsələdə həm pulu özündə saxlamağa üstünlük verən azərbaycanlıların mentaliteti, həm də nağdsız ödənişlər edilməsi üçün infrastrukturun əhatə dairəsi nəzərə alınıb.

Sirr deyil ki, Azərbaycanda heç də bütün mağaza və köşklərdə POS terminallar quraşdırılmayıb. Statistikaya görə, ölkə üzrə 85 min mağaza və köşk var, POS terminalların sayı isə 57 min ətrafındadır. Yəni təkcə 30 minə yaxın ticarət obyektində nağdsız ödəniş üzrə infrastruktur yoxdur. Bəzən POS terminallar quraşdırılmış məkanlarda belə əhalini daha çox nağd ödənişlərə yönəltməyə çalışırlar. Çünki bəzi iş adamları dövriyyənin müəyyən qismini vergi nəzarətindən gizlətmək üçün nağdsız ödənişlərə maneçilik törədirlər. Çünki nağdsız ödənişi vergi nəzarətindən gizlətmək mümkün deyil.

"Dövriyyə ilə bağlı vergi ödəyicilərində problemlər olurdu. Vergi ödəyiciləri maraqlı deyildilər ki, öz dvriyyələrini rəsmiləşdirsinlər, real dövriyyələrini öz uçotlarında əks etdirsinlər. Təbii ki, qanunvericilik həm cəza tədbirləri, həm stimullaşdırıcı tədbirlərlə yanaşı həmin ticarətin digər subyketi olan əhalini də bu işə çəkməklə vergi ödəyicilərinin dövriyyələrinin dəqiqləşdiriləməsinə, dürüstləşdirilməsini həyata keçirir. Yəni bunun nəticəsidir ki, "Nağdsız hesablaşmalar haqqında qanun qüvvəyə mindikdən sonra nağdsız ödəniş edilən şəxslərə stimulların verilməsidir ki, bunlardan biri də "ƏDV geri al" layihəsidir, bunları etməklə, statistika onu göstərir ki, vergi ödəyicilərinin dövriyyələrində, uçot məlumatlarında, vergi orqanlarına təqdim edilən bəyannaməldərində ciddi artımlar nümayiş olunur, müşahidə edilməkdədir".

Bu addımın ən çox tibb sahəsində mövcud olan boşluqları aradan qaldıracağı düşünülür. Çünki tibb sahəsi nəzarət-kassa aparatlarının quraşdırılması vacib olmayan sahələr sırasındadır. Bu obyektlərdə kassa-mədaxil orderlərindən istifadə edilir. İstehlakçıları post-terminalla ödəniş etdikdə, bəzən problemlər yaranır, qəbul etmirlər. Müxtəlif bəhanələrlə ödəyicidən pulu nağd alırlar.

Tibb xidmətlərində böyük məbləğlər var, elə əməliyyatlar var 40-50 min manata qədər tutur. Həmin pullar xəstədən çox vaxt adi kağız daşıyıcılarında alınırdı. Müstəqil ekspertlərin araşdırmasına görə, tibb xidmətləri göstərən obyektlər dövriyyənin yalnız 30 faizini rəsmiləşdirirlər. "Nağdsız hesablaşmalar haqqında" qanuna düzəliş nəticəsində 500 manatdan yüksək məbləğlərin nağdsız ödənilməsi şərt qoyulduqdan sonra rəsmiləşdirmə səviyyəsinin dəfələrlə artacağı düşünülür. Hökumət 500 manatdan aşağı ödənişlərin də qayğısına qalıb və bunun üçün tibbi xidmətləri də "ƏDV geri al" kampaniyasına qoşub.

"Təcrübə onu göstərir ki, ƏDV geri al tətbiq edildikdən sonra vətəndaşlar, o layihənin bir üzvü kimi, bir iştirakçısı kimi, vergi ödəyicilərindən israrla qanunvericilikdə nəzərdə tutulmuş formada çek tələb edirlər. Bu tələbin nəticəsidir ki, vergi ödəyiciləri əgər normal şərtlər daxilində müştəri, vətəndaş ondan çeki tələb etmirsə, satdığı malın dəyərini qeydiyyat almır, amma vətəndaş ödədiyi ödənişin müqabilində çek tələb edirsə, bu zaman vergi ödəyicisinin satışı artıq uçota alınmış olur və real dövriyyəsi göstərilmiş olur. Bu səbəbdəndir ki, tibbi müəssisələridə də, yeri gəlmişəkən, artıq tibb müuəssiələridə ƏDV ger al fəaliyyətinə əlavə edildi. Bildiyimiz kimi, ƏDV geri al layihəsi ancaq pərakəndə ticarət üçün nəzərdə tutulsa da, artıq xidmət sektorundan tibb müəssisələrinin xidməti sahəsi də, ƏDV geri al layihəsinə qoşuldu".

İlkin hesablamalara görə, 2020-ci ilin may ayında tətbiq edilən "ƏDV geri al" kampaniyası pərakəndə ticarətin rəsmiləşdirilməsində ciddi irəliləyişə səbəb olub. Bunu həmin tarixdən bu yana keçən dövrün bəzi statistik göstəricilərinin müqayisəsində rahatlıqla görmək mümkündür. Məsələn, 2021-ci ilin yanvar-may aylarında əczaçılıq məhsullarının dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35 faiz çox olub. "ƏDV geri al" kampaniyası pandemiya dövrünün məhdudiyyətlərinə baxmayaraq, bir çox mal növlərinin satışında rəsmi dövriyyənin sabit qalmasına və nisbətən də artmasına səbəb olub. Buna görə tibb sektrunda da eyni müsbət nəticəni verəcəyi gözlənilir.

Milli.Az