"Bəzən qurumlar sorğulara dövlət sirri, kommersiya sirri bəhanəsi ilə cavab vermir"

22 Noyabr 2021 11:30

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalovanın Trend-ə müsahibəsi

- İnformasiya azadlığı dedikdə ilk olaraq nə başa düşülür? Bu barədə istərdik bir gədər məlumat verəsiniz:

- İnformasiya azadlığı insan hüquq və azadlıqlarının ayrılmaz və əsas elementlərindəndir. Bu gün informasiya cəmiyyətin ən qiymətli resursuna çevrilib. İnsanlar üçün əhəmiyyətli və maraqlı olan, ictimai mühitə təsir göstərən bütün hadisə və faktlar barədə hər bir fərdin informasiya almaq hüququ vardır və bu vətəndaşların əsas ehtiyaclarındandır. Məlumat əldə etmək hüququ informasiya azadlığını təmin edir. Bu hüquq imkan verir ki, vətəndaş özünün digər hüquqları barədə də məlumatlı olsun, onlardan istifadə etməyi və bu hüquqları müdafiə etməyi bacarsın. Odur ki, informasiya mühitinin şəffaflığının təmin edilməsi olduqca vacibdir.

10 dekabr 1948-ci il tarixdə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müddəalarına əsasən hər kəsin azadlıq hüququ, fikir və ifadə azadlığı hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş qaydada bütün mümkün vasitələrdən istifadə etməklə azad şəkildə istənilən mənbədən və istənilən formada ona lazım olan hər hansı informasiyanı və ideyaları axtarmaq, almaq və yaymaq hüququna malikdir.

Təsadüfi deyildir ki, ümumdünya əhəmiyyəti daşıyan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 16.10-cu bəndi fundamental hüquq olaraq informasiya əldə etmək hüququnun beynəlxalq sazişlərə və milli qanunvericiliyin tələblərinə müvafiq qaydada təmin olunmasını nəzərdə tutur.

- Deyə bilərsiniz hazırda ölkəmizdə bu sahədə hansı işlər görülür?

- Qeyd etdiyimiz kimi, informasiya əldə etmək hüququ sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməlidir.

Bütün dünyada olduğu kimi, ölkəmizdə də informasiya cəmiyyətinin qurulması, açıq hökumətin təşviqi, ictimai əhəmiyyət daşıyan informasiyanın açıqlığı və informasiya əldə etmə azadlığının təmin edilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində təsbit olunmuş məlumat əldə etmək azadlığının daha səmərəli təmin edilməsi, informasiyaya çatım imkanlarının genişləndirilməsi istiqamətində mühüm işlər görülür. Ölkə Prezidentinin imzaladığı müvafiq sərəncamlar, qəbul edilmiş milli strategiyalar, fəaliyyət planları və proqramları, həyata keçirilən tədbirlər informasiya əldə etmək hüququnun daha səmərəli təmininə xidmət edir.

Respublikamızda normativ hüquqi tənzimləmə sisteminin təkmilləşdirilməsi, elektron hökumətin imkanlarının genişləndirilməsi, informasiya təhlükəsizliyinin təmin edilməsi, müvafiq struktur bölmələrin yaradılması istiqamətində həyata keçirilən tədbirlər insanların informasiya əldə etmək azadlığının müdafiəsi baxımından böyük əhəmiyyət kəsb edir.

Qeyd edim ki, ölkə Ombudsmanı da Respublikada həyata keçirilən islahatlara dəstək verir və İnformasiya əldə etmək hüququnun müdafiəsi, təbliği və təmini sahəsində geniş fəaliyyət həyata keçirir.

- Yeri gəlmişkən, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) informasiya əldə etmək hüququnun müdafiəsi üzrə fəaliyyəti barədə bir gədər məlumat verərdiniz:

- İnformasiya əldə etmək hüququnun müdafiəsi daim ölkə Ombudsmanının diqqət mərkəzindədir. Bildiyiniz kimi, Müvəkkil "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir.

Həmçinin, bu Qanuna uyğun olaraq, Müvəkkil tərəfindən informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlərdə əks olunmuş hallar operativ şəkildə araşdırılır, zərurət yarandıqda əlavə izahat və sənədlər toplanılır, pozuntu hallarının aradan qaldırılması üçün müvafiq səlahiyyətli qurumlara sorğular göndərilir. İnformasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlərlə bağlı informasiya sahibi olan dövlət orqanından, yerli özünüidarə orqanından və ya vəzifəli şəxsdən pozuntuların aradan qaldırılması tələb edilır. Müvəkkilin göstərişini aldıqdan sonra informasiya sahibi məlumatı vermədiyi və ya Müvəkkilin tələblərini yerinə yetirmədiyi hallarda Müvəkkil müvafiq yuxarı orqana müraciət edir.

Eyni zamanda, "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 may 2017-ci il tarixli, 1361 saylı Fərmanına uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 371 - 374, 382 və 554-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili adından - İnsan Hüquqları üzrə Müvəkkil, onun Aparatının rəhbəri, Aparat rəhbərinin müavini tərəfindən protokol tərtib olunur.

Bundan başqa, fəaliyyət istiqamətinə uyğun olaraq monitorinqlər keçirilir və təhlillər aparılır, informasiya sorğuları cavablandırılır, bu mövzuda hüquqi maarifləndirmə tədbirləri (seminarlar, təlimlər, konfranslar və s.) təşkil olunur.

Ombudsman informasiya əldə etmək sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələrini davamlı olaraq aidiyyəti qurumlara təqdim edir. Bu sahədə dövlət qurumları, qeyri-hökumət təşkilatları, müvafiq beynəlxalq təşkilatlar, xarici ölkələrin milli insan hüquqları institutları ilə səmərəli əməkdaşlıq edilir.

- Ombudsmanın fəaliyyətində İnformasiya əldə etmək hüququnun daha səmərəli təmini sahəsində hansı yeniliklər əldə olunub?

- Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.3-cü maddəsi, habelə "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş səlahiyyətlərin icrası və bu sahədə fəaliyyətini daha da təkmilləşdirmək məqsədi ilə Ombudsman Səbinə xanım Əliyevanın təşəbbüsü ilə Müvəkkilin Aparatında İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsi yaradılmışdır.

Şöbə qanunvericiliyə uyğun olaraq informasiya əldə etmək hüququnun təmin edilməsi, informasiya əldə etmək hüququnun pozulması ilə bağlı daxil olan müraciətlərin baxılması və cavablandırılması, informasiya əldə etmək hüququnun təbliği və təşviqi, bu sahədə hüquqi maarifləndirmənin, monitorinqin həyata keçirilməsi və təhlillərin aparılması, qanunvericiliklə müəyyən edilmiş qaydada informasiya əldə etmək hüququ ilə bağlı istiqamətlərdə fəaliyyət göstərir.

Məqsədimiz mövcud problemləri nəzərdən keçirməklə neqativ halların baş verməsinə şərait yaradan halların aradan qaldırılmasına və vətəndaşlara informasiya əldə etmələri üçün bərabər imkanların yaradılmasına nail olmaqdır.

- Ombudsman Aparatı tərəfindən insanların informasiya əldə etmək hüququnun təbliği ilə bağlı nə kimi işlər görülür?

- Ombudsman Aparatı tərəfindən regionlarda dövlət qurumları və vətəndaş cəmiyyəti institutları üçün silsilə təlimlər və maarifləndirmə tədbirləri təşkil olunur. Təlimlərdə informasiya əldə etmək azadlığı, informasiya sahibləri və sorğuçuların hüquqları, qanunda göstərilmiş digər maddələr haqqında ətraflı məlumat verilir, informasiya əldə etmək hüququnun müdafiəsi və təmini ilə bağlı təqdimatlar edilir, insanlar arasında maarifləndirici çap vəsaitləri paylanılır.

Bu günlərdə vətəndaşların informasiya əldə etmək hüquqlarının səmərəli təmini və bu sahədə hüquq pozuntularının qarşısının alınması, müvafiq hüquqla bağlı nəzəri biliklərin və məlumatlılığın artırılması məqsədilə vətəndaşlar üçün "İnformasiya əldə etmək hüququmuzu bilək!", informasiya sahibi olan qurumlar üçün isə "İnformasiya əldə etmək hüququnu təmin edək!" adlı bukletlər hazırlanıb və geniş ictimayyət arasında yayılmışdır.

Bukletlərdə informasiya, informasiya əldə etmək hüququ (azadlığı), İnformasiya sorğusu anlayışları, müvafiq qanunlardan irəli gələn müddəalar, informasiya sahiblərinin vəzifələri, informasiya sorğusuna, onun təqdim edilmə üsulları, icra müddəti və imtina səbəbləri, informasiya sorğusunun icrasından imtina edilməsi və ya lazımınca icra olunmaması barədə şikayət verilməsi qaydaları, Ombudsman tərəfindən şikayətə baxılmasının xüsusiyyətləri və müvafiq protokol tərtib etmək səlahiyyətlərinə dair məlumatlar öz əksini tapıb. Məlumatlandırma baxımından bu vəsaitlər olduqca əhəmiyyətlidir.

- Bir gədər də informasiya sahiblərinin vəzifələrinə toxunmaq istərdim. Bu barədə xahiş edirəm məlumat verəsiniz...

- İnformasiya sahiblərinin əsas vəzifəsi qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq, informasiya sorğusu verənlərin sorğularına tam və çevik cavab verməkdir. Bu baxımdan mövcud şəraitə uyğun olaraq dövlət qurumları tərəfindən rəsmi internet səhifələrindəki onlayn müraciət bölmələrinin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunlaşdırılması da zəruridir.

Təcrübədə bəzən informasiya sahibi olan dövlət qurumları qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş informasiya sorğularına məlumatların dövlət sirri, kommersiya sirri və ya xidməti məlumat olması bəhanəsi ilə cavab vermir. Halbuki bu məlumatların dəqiq siyahısı qanunvericilikdə öz əksini tapmışdır. Qeyd etməliyəm ki, Müvəkkilin ünvanına daxil olan belə hallarla bağlı müraciətlər araşdırmalar və sorğular əsasında təmin olunur və sorğuçuya cavab verilir.

Eləcə də, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, informasiya sahibi tərəfindən informasiya əldə etmək hüququnu təmin etmək məqsədi ilə müvafiq struktur bölmə yaradılmalı və ya informasiya məsələləri üzrə vəzifəli şəxs təyin edilməlidir. Həmçinin, qanunla müəyyən edilmiş ictimai informasiyaların açıqlanması üçün internet informasiya ehtiyatlarının olması mütləqdir. İnformasiya sahibləri öz üzərinə düşən vəzifələri dəqiq bilməli və icra etməlidirlər. Onlar informasiya xidmətləri göstərmək işinin təşkili ilə bağlı məsuliyyət daşıyırlar. Məlumatları almaq vətəndaşların hüququdur, informasiya sahibinin vəzifəsi isə bu məlumatları vətəndaşlara çatdırmaqdır.

- Sizin fikrinizcə informasiya əldə etmək hüququnu təmini ilə bağlı mövcud problemlərin həlli üçün hansı işlər görülməlidir?

- Bu sahədə mövcud problemlərin həlli üçün bütün informasiya sahibləri olan dövlət qurumları, yerli özünüidarə orqanları və vəzifəli şəxslər ilə davamlı əməkdaşlıq edilməli və bu məqsədlə informasiya üzrə İşçi qrupun yaradılması zəruridir.

Hər bir dövlət qurumunda elektron məlumat toplusu (reyestr) yaradılmalı və informasiya sahiblərinin apardıqları fəaliyyət və onun nəticələri barədə məlumatlar rəsmi internet səhifələrində yerləşdirilməli, hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququ təmin edilməlidir.

Vəzifəli şəxslər, mətbuat xidmətlərinin əməkdaşları, KİV nümayəndələri və ümumən əhali üçün paytaxt və regionlarda geniş hüquqi maarifləndirmə, təbliğat işi gücləndirilməlidir.

İnformasiyanın ötürülməsi imkanlarının genişləndirilməsində kütləvi informasiya vasitələrinin də üzərinə mühüm vəzifələr düşür. Bu baxımdan, Ombudsman Səbinə Əliyeva tərəfindən fəaliyyətimiz çərçivəsində Kütləvi informasiya vasitələri ilə əlaqələrə, geniş əməkdaşlığa mühüm yer verilır. Ombudsmanın fəaliyyətinin aşkarlıq prizmasından görünməsində media nümayəndələrinin böyük əməyi vardır. Hesab edirik ki, dövlət orqanlarının informasiya və ictimaiyyətlə əlaqələr üzrə fəaliyyət göstərən bölmələri ilə kütləvi informasiya vasitələri arasında münasibətlərin daha sıx və əlaqəli formada qurulması ölkəmizdə informasiya cəmiyyətinin formalaşmasına, hüquqi dövlətin inkişafı prosesinə mühüm töhfə verəcək.

Milli.Az