Bakı Musiqi Akademiyasının 100 illik yubileyi: möhtəşəm konsert... - VİDEO - FOTO

22 Noyabr 2021 10:38

M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş  möhtəşəm konsert proqramı baş tutmuşdur. 

Bu konsert ilin əvvəlindən etibarən ən yaxşı beynəlxalq və yerli konsert məkanlarında keçirilən və BMA-nın yubileyinə həsr olunmuş bir sıra konsert və tədbirlərin kulminasiya nöqtəsi oldu. Belə ki, konsertin baş tutduğu axşam Filarmoniyada heyrətamiz, təntənəli bayram ab-havası hökm sürürdü. Foyedə Musiqi Akademiyasının musiqişünaslıq sahəsində aparıcı mütəxəssislərinin müəllifi olduğu önəmli elmi işlərin ekspozisiyası həyata keçirilmişdir. Əlamətdar hadisə münasibətilə filarmoniyanın səhnəsi gül-çiçəklərlə bəzədilmişdi. Qeyd edək ki, tədbirdə qonaq qismində Azərbaycan Respublikası Təhsil Naziri Emin Əmrullayev, Mədəniyyət Nazirliyinin nümayəndələri, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndələri, habelə,  mədəniyyət və incəsənət xadimləri, o cümlədən, BMA-nın professor-müəllim heyəti yer almışdı.  

Tədbir BMA-nın yaranması və tarixi inkişaf yolundan, o cümlədən çağdaş inkişaf mərhələsində təhsil ocağının əldə etdiyi uğur və nailiyyətlərin əks olunduğu videoçarxın nümayişi ilə açılıb. Bundan sonra başlayan konsert proqramı milli akademik musiqi sənətinin aparıcı musiqiçilərini bir səhnədə toplayıb. Belə ki, təntənəli konsert düz 100 il əvvəl Şərqdə ilk ali musiqi təhsili ocağının təşkil olunmasının təşəbbüskarı olan, Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin iki parlaq əsərinin ifası - "Koroğlu" operasından Üvertura və "Sevgili canan" qəzəl-romansı ilə başlayıb. Daha sonra dinləyicilərə İ.Hacıbəyovun "Cəngi", F.Pulenkin iki piano və orkestr üçün Konsertinin II və III hissələri, F.Əlizadənin "İntizar" operasından duet, H. Rzayevin "Çahargah" rapsodiyası, K.Kartnerin konsertinosu, S. Raxmaninovun iki piano üçün 2 nömrəli Süitasının III və IV hissələri təqdim olunub. 

Azərbaycan və dünya musiqi klassiklərinin əsərləri SSRİ və Azərbaycan Xalq artisti, BMA-nın rektoru Fərhad Bədəlbəyli, Xalq artisti, BMA-nın prorektoru Yeganə Axundova, o cümlədən, Xalq artistləri, Ülviyyə Hacıbəyova, Murad Adıgözəlzadə, Murad Hüseynov, Gülnaz İsmayılova, Şükür Səmədov, Samir Cəfərov, Elçin Həşimov, Əməkdar artistlər Səbinə Əsədova, Elnur Əhmədov, Muğam Televiziya müsabiqəsinin qalibləri Mirələm Mirələmov, Kamil Abıyev, habelə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Dövlət Xor Kapellasının ifasında səsləndirilmişdir. Həmin axşam Azərbaycan Dövlət Simfonik Orkestri Xalq artistləri Rauf Abdullayev, Yalçın Adıgözəlov, Əməkdar artistlər Fuad İbrahimov və Əyyub Quliyevin rəhbərliyi ilə səsləndirilmişdir.

Tədbirin xüsusi qonağı isə Bakıda anadan olmuş və öz sənəti ilə dünya musiqi ictimaiyyətini fəth etmiş görkəmli violin ifaçısı və dirijor Dmitri Sitkovetski olmuşdur. Belə ki, D. Sitkovetskinin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında  M. Ravelin "Qaraçı qız", habelə, Q. Qarayevin "7 gözəl" baletindən Vals və Marş dinləyici auditoriyasına təqdim olunub. Konsert proqramı V. Adıgözəlovun "Qarabağ şikəstəsi" oratoriyası başa çatıb. 

Qeyd edək ki, konsert zamanı BMA-nın rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli tədbirdəki qonaqlara müraciət edib. Təbrik nitqində o, Akademiyanın bu mühüm yubileyini böyük sevinc və xüsusi hisslərlə qeyd etdiyini vurğulayaraq əlavə etdi ki, BMA-nın əsrlik tarixi doğma ölkə üçün olduqca vacib tarixi hadisə - Qarabağın azad edilməsi ilə üst-üstə düşmüşdür. 

Tədbirin final nöqtəsi şamlarla bəzədilmiş yubiley tortunun bütün tamaşaçı auditoriyasının ümumi ifası ilə "Ad günün mübarək!" təbrik mahnısının fonunda səhnəyə gətirilməsi və dinləyicilərin ayaqüstə coşqun alqışları oldu! 

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Milli.Az