İrəvan “hazıram” deyir: hansı şərt, hansı xəritə ilə?

21 Noyabr 2021 23:12

Burda əsas məsələ odur ki, Ermənistan demarkasiyaya razılıq verdiyinə dair yazılı öhdəlik götürdü. Sadəcə sual yaranır ki, İrəvan bu hazırlığa necə başlayır, nə qədər səmimidir?

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri politoloq, siyasi analitik Turab Rzayev İrəvanın demarkasiyaya başlamağa hazır olması və bununla bağlı Moskvaya yazılı müraciət göndərməsini şərh edərkən deyib.

Siyasi analitik İrəvanın bu açıqlamasının hələ məsələyə konstruktiv yanaşdığı anlamına gəlmədiyini bildirib:

"Ermənistan bir tərəfdən deyir ki, sərhədlər müəyyənləşsin, digər tərəfdən isə Azərbaycan Ordusunun durduğu mövqenin ona aid olduğunu bildirib, haray-həşir salır. Azərbaycan Ordusu SSRİ xəritələri ilə hərəkət edir, öz torpağımızdadır, İrəvanın demarkasiya olmadan bu cür reaksiyası danışıqları pozmağa və mümkün ərazi müzakirələrini indidən öz xeyrinə dəyişmək üçün beynəlxalq dəstək axtarmağa yönəlmiş həyasızlıqdır".

Politoloq bildirib ki, əsas məqam Azərbaycanın hansı xəritələrlə demarkasiyaya başlamağa razı olmasıdır:

"Yalnız o xəritələr razılaşdırılandan sonra hansısa pozitiv addımdan danışmaq olar. İndi isə Ermənistanın bir yandan demarkasiyaya hazır olduğunu deyib, digər yandan əleyhimizə kampaniya aparması sübut edir ki, İrəvan oyun oynayır".

Milli.Az