İsrail və Türkiyədən kritik addım: “Bu, Azərbaycanın da xeyrinədir”

21 Noyabr 2021 19:06

"Qarabağdakı 44 günlük savaşın hərbi mərhələsindən sonrakı dövründə İsrail-Türkiyə münasibətlərinin yaxşılaşmasından ən çox faydalanan ölkə Azərbaycan ola bilər".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili İsrail və Türkiyə prezidentləri arasındakı son təmaslara diqqət çəkib:

"Hamımızın içini dağlayan şəhid xəbərləri, Milli Məclisdə büdcə müzakirələrində bəzi deputatların yersiz çıxışlarına qarşı körüklənən süni aqressiya, Zəngəzur dəhlizinin açılışı ilə yayılan psevdoxəbərlər həmişəki kimi, Azərbaycan cəmiyyətinin diqqətini bizim üçün böyük mahiyyət daşıyan xəbərlərdən yan keçməyə, onu diqqətsiz saxlamağa gətirib çıxarır. Bu xəbər sadəcə bir cümləlik ifadədə təqdim olunsa da, özlüyündə ciddi bir tarixi dönüşüm anını ehtiva etməkdədir. Bir sözlə, günümüzün ən ciddi hadisəsi Türkiyə prezidenti ilə İsrail prezidenti arasında baş tutan telefon danışığıdır.

Türkiyə və İsrail arasında düşmənçilik buzlarının əriməsi ən çox Azərbaycanın yararına olan bir məsələdir. Təsəvvür edin ki, son Vətən savaşında bizə dəstək verən bu iki dövlət bir-biri ilə düşmən vəziyyətindədir və ən böyük sıxıntını da biz çəkməli oluruq.

Türkiyə qardaşımız, İsrail də dostumuz, hər ikisi də Azərbaycan üçün ən yüksək fədakarlığı gözə aldılar, hərbi, siyasi, diplomatik və informasiya məkanında Azərbaycanın haqlı davasının dəstəkçisi oldular. Ancaq bu dəstək koordinasiyasız olduğundan bizim üçün də müəyyən sıxıntılar yaradırdı".

Fazil Mustafa qeyd edib ki, savaşın hərbi mərhələsindən sonrakı dövründə bu iki dövlətin münasibətlərinin yaxşılaşmasından ən çox faydalanan ölkə Azərbaycan ola bilər:

"Bu hadisədən məmnun qalmayan bəlkə də birinci dövlət Ermənistandır. Ermənistan bu üçbucağın kəsici ucunun nəyə qadir olduğunu öz dərisində çoxdan anlamış durumdadır. Ərəb ölkələri tərəfdən problem yoxdur, çünki onlar özləri də son illərdə İsraillə münasibətlərini ən yüksək səviyyədə qurmağa başladılar. Fələstin üçün də xeyli faydalı addımdır, çünki İsraillə real nəticəyə varacaq dialoqu ancaq Türkiyə vasitəsi ilə gerçəkləşdirmək mümkündür.

Qaldı qonşumuz İrana, onun da narazılıq üçün elə bir ciddi əsası yoxdur, çünki özü Ermənistana biz müsəlmanların ən ağır durumda olduğumuz zamanlarda dəstək vermiş və bu gün də düşmənimizə dəstəyini davam etdirir. Həm də İran anlayır ki, Azərbaycanın heç bir addımı öz qonşusuna qarşı yönəlməz, təki qonşusu təcavüzkar, işğalçı olmasın. İndi də İranla bölgənin inkişafı, kommunikasiyaların açılışı, barışın təsisi üçün müzakirələr aparırıq, mehriban qonşuluq əlaqələrinin sabit zəminə oturdulmasına çalışırıq.

Bizim bölgədə yeganə düşmənimiz Ermənistandır və düşmən siyahımızdan çıxmaq da bu dövlətin öz əlindədir. İddialarından əl çəksin, sərhədlərimizi tanısın, Qarabağdakı ermənilərlə siyasi və hərbi təmasını dayandırsın, Zəngəzur dəhlizini açsın, düşmənçilik özlüyündən aradan qalxacaqdır.

Bir sözlə, Türkiyə və İsrail arasında yaxınlaşma pərdə arxasında həm də Azərbaycan dövlətinin səylərinin pozitiv yekunu olaraq qiymətləndirilməlidir. Bu yalnız bizim indiki məqamda qazandığımız psixoloji üstünlük deyil, eyni zamanda bölgədə proseslərin arzuladığımız zəmində irəliləməsinin faydasına olacaq bir prosesdir"

Milli.Az