Erməni müstəntiq günahsız insanları həbsxanaya göndərmək istəyib - Rusiyada qalmaqal

17 Noyabr 2021 22:53

Rusiyanın İstintaq Komitəsi (RİK) qurumun Moskva idarəsinin sabiq müstəntiqi Levon Ağacanyanla bağlı istintaqı başa vurub.

Milli.Az RİK-in mətbuat xidmətinin yaydığı məlumata istinadən bildirir ki, 2017-ci ilin noyabrında "Moskva-Siti"dəki "Oko" qülləsində baş vermiş atışmanı araşdırarkən L.Ağacanyan günahsız insanları cinayət məsuliyyətinə cəlb etməyə çalışıb, bunun üçün sübutları saxtalaşdırıb, şahidlərə təzyiqlər göstərib. Erməni müstəntiq atışmanın təşəbbüskarı olan iş adamı Qavriil Yuşvayevin mühafizəçilərini "qorumağa" çalışıb.

Həmin mühafizəçilər artıq azadlıqdan məhrum olunublar.

İlk əvvəl ittihamnaməni L.Ağacanyana 2020-ci ilin dekabrından bəri saxlandığı "Matrosskaya Tişina" xüsusi istintaq təcridxanasında təqdim etmək istəyirdilər. Lakin müttəhimin son dindirilməsi fasilələr nəzərə alınmaqla iki sutka çəkib.

RKİ əməkdaşlarını L.Ağacanyan "Oko" qülləsindəki atışma ilə bağlı işi təhqiq edərkən keçirdiyi bəzi görüşlər və telefon danışıqları maraqlandırıb.

Bundan başqa, L.Ağacanyandan soruşublar ki, nə üçün cinayət işinin əsas fiqurantı, ifadə verməkdən boyun qaçırmış Maqomed İsmailova praktiki olaraq məhdudiyyətsiz olaraq telefonla danışmaq və görüş keçirmək imkanı yaradıb.

Sualara cavab alınmayıb.

Dindirilmə başa çatandan sonra sabiq müstəntiqə qarşı ittiham irəli sürülüb.

L.Ağacanyan RF CM-nin 285-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 299-cu (günahsız insanların cinayət məsuliyyətinə cəlb edilməsi) maddələrinə əsasən suçlanıb.

Xatırladaq ki, 2017-ci ilin noyabrın 17-də "Moskva-Siti"dəki "Oko" qülləsində "Pavlik" ləqəbli iş adamı Dmitri Pavlovun ad günü qeyd olunub. Ziyafətdə çoxlu qonaq vardı.

Sonradan atışmaya çevrilən münaqişə "Oko"nun girişində başlanıb. Orada növbə çəkən mühafizəçilər "Oko"nun sahiblərindən olan Qavrill Yuşvayevdən dəvət edilmiş qonaqlara, o cümlədən artistlərə narahatlıq yaratmamaq üçün avtomobilini dayanacaqda saxlamasını xahiş ediblər.

Yuşvayevin cangüdənləri mühafizəçilərlə mübahisəyə başlayıblar. "Kobra" ləqəbli Maqomed İsmailovun rəhbərlik etdiyi, "Skorpion" idman klubundan olan idmançılarından ibarət cangüdənlər mühafizəçilərlə dalaşıblar. İsmailov adamlarına atəş açmağı əmr edib. Sonra atışma qüllədə davam edib.

Nəticədə mühafizəçi Platon Koyda həlak olub, digər mühafizəçi Kirill Titarenko boynundan yaralanıb. Rusiya Qvardiyasının əməkdaşları, hadisə yerinə çağırılmış Dmitri İvançevlə Dmitri Yakobson ağır yaralanaraq faktiki əlil qalıblar.

Cangüüdənlərdən Eldar Həmidov isə ağır yaralı Dmitri Yakobsonun üzünə tüpürüb, onun tabel silahı olan "Makarov" tipli tapançanı götürüb.

Son vaxtlar Çeçenistanda vəkil işləyən Levon Ağacanyan ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir.

Milli.Az