Bakıda möhtəşəm "Musiqili proyektor" - FOTO

16 Noyabr 2021 23:43

13-14 noyabr tarixində DTX-nın Mədəniyyət Mərkəzində "ART-EAST MEDİA GROUP" şirkəti "Avanqard" Kamera Orkestrinin müşaiəti ilə "Musiqili proyektor" adlı konsert proqramını təqdim etdi.

Azərbaycan film musiqilərindən, eyni zamanda dünya kino incilərindən, yerli və xarici animasiya filmlərinin sauntrektlərindən ibarət olan musiqili proyektorda eyni zamanda həmin ekran əsərlərindən epizodlar da ekran vasitəsilə canlandırıldı. Müxtəlif yaş qrupları və ən müxtəlif zövqləri nəzərə alınan orijinal layihənin rəhbəri "ART-EAST MEDİA GROUP" şirkətinin direktoru Mirələskər Aslanovdur.

Hal-hazırda 21 peşəkar ifaçısı, dirijoru Arif Aslanov və bəstəkarı Tamilla Əhədova  ilə hər gün təkamül edən Kamera Orkestrinin repertuarında 60-dan çox kinofilmin saundtreki var. Konsertdə orkestrin ifası zamanı paralel olaraq səhnədə xoreoqrafik kompozisiyaların nümayişi, işıq effektləri, teatral tüstü, atəşfəşanlıqdan istifadə  görüntü və səsin bir-birini ideal tamamlamasına yardımçı olurdu.

Tədbirin qonaqları sırasında Xalq artistləri Eldar Mansurov, Fuad Osmanov, Ayan Mirqasımova, aktyorlar Əbdülqəni Əliyev, Qasım Nağı, müğənnilər Sevda Yəhyayeva, Jalə Kərimova, şairə Kəmalə Abıyeva, yazar Aysel Əlizadə, ATV telekanalının redaktoru Lala Əliyeva, teleaparıcı Mirsəməd Cəfərli və başqa tanınmış incəsənət nümayəndələri iştirak edirdilər.

Konsertin sonunda "ART-EAST MEDİA GROUP" şirkətinin 44 günlük vətən müharibəsindəki şanlı qələbəmizin il dönümünə həsr etdiyi, bəstəkar Pikə Axundovanın bəstələdiyi "Vətənə doğru" kompozisiyasını tamaşaçılara təqdim etdi. Konsert proqramı tamaşaçıların alqış sədaları altında başa çatdı .  

Milli.Az