Tromblaşma riski olan xəstələrin COVID-19 əleyhinə vaksin vurdurması tövsiyə edilir

1 Dekabr 2021 23:30

Gənc və orta yaşlı nəslin nümayəndələri arasında baş verən qəfil ölümlərin bir sıra səbəbləri var. Son illər daha çox müşahidə edilən qəfləti ölümlərin səbəbləri əsasən tromboemboliyalardır. Tromboemboliya bir çox hallarda infeksion xəstəliklərə yoluxduqdan sonra baş verir. Həmçinin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə yoluxma zamanı da risk qrupuna daxil olan vətəndaşlarda tromboemboliya yarana bilər. Yeri gəlmişkən, məhz bu cür problemlər nəzərə alınaraq, xüsusilə risk daşıyanların koronavirus əleyhinə vaksin olunması tövsiyə edilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə həkim-reanimatoloq Gündüz Qasımov məlumat verib.

Həkim-mütəxəssis bildirib ki, tromblar bir müddət, hətta aylar, illər əvvəl damarlarda formalaşır və hansısa arteriyada toplanır: "Tromb varikoz genəlmə, anevrizma və yaxud da hansısa cərrahi əməliyyatdan sonra da yarana bilər. Tromboemboliyanın yaranma səbəblərindən biri isə qanın qatılaşmasının pozulmasıdır. Gənclərdə zərərli vərdişlər, uzun müddət siqaret və spirtli içki qəbul etmək, bir sıra narkotik maddələr qanı qatılaşdırır. Nəticədə tromb yaranır. Yəni, tromb xeyli əvvəldən yaranmış olsa da, anidən qopur və ciddi problemlər yaradır".

G.Qasımov, həmçinin qeyd edib ki, gizli keçən ağır infeksiyalar da qanda laxtalanmanı pozur və septiki şok yaradır: "Qəfləti ölümlərin təxminən 90 faizi tromboemboliyalardır. Ona görə də gənclər qanın qatılaşması və damarların vəziyyətini mütəmadi yoxlatmalı, zərərli vərdişlərdən uzaq durmalıdırlar. Belə olan halda, qəfil yaranan emboliya riskini azaltmaq mümkündür. Həmçinin peyvəndləmə aparılan bütün növ infeksiyalara qarşı vaksin vurdurmaq tövsiyə edilir".

Milli.Az