Azərbaycanda yeni yaradılan Psixi Sağlamlıq Mərkəzi nə zaman tam fəaliyyətə başlayacaq?
27 Fevral 2012 15:26
Azərbaycanda yeni yaradılan Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi aprel ayından tam fəaliyyətə başlayacaq. Bunu bazar ertəsi Trend-ə Mərkəzin direktoru Zəfər Əliyev deyib.
Onun sözlərinə görə, artıq Mərkəzə psixoloqlar işə qəbul edilib. Mərkəzin Təşkilati-metodiki şöbəsi tədricən fəaliyyətə başlayır. Martda isə tibb işçiləri - həkimlər və orta tibb heyətinin işə qəbulu üçün müsabiqə elan ediləcək.
"Mərkəzdə işləmək istəyənlər bir ay müddətində həm bizə, həm də Səhiyyə Nazirliyinə müraciət edəcəklər. Daha sonra sənədlər araşdırılacaq və müsabiqədən keçənlər apreldə işə götürüləcək", - Əliyev bildirib.
O əlavə edib ki, bu yaxınlarda mərkəzə direktor müavinləri də təyin olunacaq.
Çoxfunksiyalı Psixi Sağlamlıq Mərkəzində xəstələrə daha çox ambulator şəkildə yardım göstəriləcək. Eyni zamanda, burada müraciət edənlərə müxtəlif formada psixoloji yardımlar göstəriləcək, xəstələrin reabilitasiyası aparılacaq. Mərkəzə yalnız ciddi psixi pozuntuları olan şəxslər deyil, stres keçirən və ya psixoloji durumu gərgin olan şəxslər də müraciət edə bilərlər. Burada elmi tədqiqat işlərinin aparılması və həkimlərin ixtisasının artırılması da mümkün olacaq.
Qeyd edək ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan Bakı Şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanseri ləğv edilib və onun bazasında Psixi Sağlamlıq Mərkəzi yaradılıb.
Milli.Az