Ermənilər Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasına savaş elan etdilər - TƏFƏRRÜAT

15 Noyabr 2021 15:48

Çağdaş yaşamında heç bir uğuru olmayan toplum özünüdərk və özünütəsdiq üçün heç olmasa, ən cüzi vəsilə tapmaq məqsədilə keçmişində eşələnir.

Ermənilər də dünyanın güclü dövlətlərinin hesabına cəmi iki əsr əvvəl yerləşdikləri bölgədəki mövcudluqlarına haqq qazandırmağa can atırlar. Bəşəriyyət tarixi sərhədlərlə xalqların yerdəyişməsinin tarixidir. Ermənilərin də tarixlərini araşdırmaq istəklərində qəbahət heç nə olmazdı: bir şərtlə ki, bu eşələnmələr sonradan ilhaqın siyasi alətinə çevrilməməyədi.

Milli.Az Day.Az-a istinadən bildirir ki, başqalarının ərazilərini ələ keçirən, günahsız insanları öldürən, total etnik təmizləmələr aparan, yerli xalqların irsini dağıdan və ya saxtalaşdıran ermənilər maraqlı, hami "tərəf"lərin yardımı ilə bölgənin "erməni tarixi"ni yaratmağa çalışırlar. O tarixdə Cənubi Qafqazda heç bir kökü olmasa da, ciddi kompleksləri və hüdudsuz iştahı olan ermənilərə mütləq yer tapılmalıydı.

Erməni kilsəsinin ələ keçirdiyi, ilhaq etdiyi Alban Kilsəsinin axı taleyi barədə çox yazılıb və bu, bəlli məsələdir. Ötən əsrlər ərzində alban kilsəsi barədə faktiki olaraq, unudulub və əgər Azərbaycan dövləti ilə azərbaycanlı alimlər bu kilsənin intibahına başlamasaydılar, alban irsi barədə yaddaş da unudulacaqdı.

Ermənilər öz çirkin əməllərində sabiq Sovet İttifaqı ilə yanaşı, Qərbdəki bir sıra elmi mərkəzlərin dəstəyindən və rəğbətindən yararlanırdılar.

Söhbət iranşünas professor, bu günlərdə sosial şəbəkələrdə isterika yaratmış erməni professor, İrəvandakı Rusiya-Ermənistan Universitetinin əməkdaşı Viktoriya Arakelovanın "Kalankataklu Moiseyə əsasən Qafqaz Albaniyası Kilsəsinin tarixi" kitabının dərcinə reaksiyasından gedir.

İyunun əvvəllərində dərc olunmuş kitabın müəllifi iqumen Aleksidir. Kilsə tarixi üzrə elmlər doktoru, əslən bakılı olan iqumen Aleksi bir neçə il İtaliyanın Merano şəhərindəki pravoslav kilsəsinin keşişi olandan sonra Bakıya dönüb. Bu ilin oktyabrında isə o, Moskvanın və Bütün Rusiyanın müqəddəs patriarxı Kirillin fərmanı, habelə Müqəddəs Sinodun qərarı ilə Bakı Yeparxiyasının arximandrit kliriki olub.

O, həmçinin Bakı Yeparxiya İdarəsinin katibi, Müqəddəs Buxurdaşıyan Qadınlar Kafedral Kilsəsinin ("Jen Mironosits") rəhbəri təyin olunub.

İqumen Aleksi illərdir ki, Qafqaz Albaniyasının tarixi ilə bağlı məsələlərlə məşğul olur, uydurmaları və saxtakarlıqları ifşa edir. O, 2004-cü ildə dərc olunmuş "Qafqaz Albaniyasında xristianlıq" kitabının müəllifidir.

"Kalankataklu Moiseyə əsasən Qafqaz Albaniyası Kilsəsinin tarixi" kitabı Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun hitmayəsi ilə dərc olunub. Əsərin elmi redaktoru Rusiya Dövlət Humanitar Universitetinin tarix, politologiya və şüquq kafedrasının dosentir, Şərq Mədəniyyət Mərkəzinin rəhbəri Lana Rəvandi-Fədaidir.

Qafqaz tarixinin erməni versiyasına tam zidd olan kitabın dərcindən çılğına dönmüş V.Arakelova Facebook-dakı profilində əsərin müəllifi ilə yanaşı, Rusiya institutunu və Azərbaycan xalqını da təhqir edib.

Kilsə tarixçisinin "Azərbaycanlı etnosu Qafqaz bölgəsində üç min il ərzində formalaşıb" cümləsini həzm edə bilməyən V.Arakelovanı Bakı Yeparxiyası ilə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu arasında Cənubi Qafqazın tarixi və mədəniyyət ənənəəlri ilə bağlı elmi-tədqiqat, maarif və mədəniyyət sahələrində əməkdaşlıqla bağlı anlaşmanın imzalanması da az qala dəli edib.

V.Arakelovanın Facebook-da yazdıqlarını erməni mediası ilə yanaşı, Rusiyadakı ermənipərəst saytlar da dərc ediblər. Amma onların heç biri dözməyərək tərbiyəsiz suçlamalara cavab verən Lana Rəvandi-Fədainin yazdıqlarını oxuculara çatdırmayıb.

Təbii, dosent Rəvandi-Fədai yalnız təmsil etdiyi elmi müəssisəyə ünvanlaşmış tərbiyəsiz suçlamalara cavab versə də, aydın görünür ki, Arakelovanın çılğınlığı onun səbr kasasını daşdırıb.

Ən maraqlısı odur ki, erməni Viktoriya Arakelova, sən demə, kitabı oxumayıb və 2004-cü ildə dərc olunmuş əsərlə bağlı naqqallıq etmək qərarına gəlib. Bu gün, əsərin müəllifi Azərbaycandakı pravoslav kilsəsində yüksək rütbə alarkən erməni professor savaş yoluna çıxaraq Rusiya Pravoslav Kilsəsinin Bakı Yeparxiyası ilə REA-nın Şərqşünaslıq İnstitutu arasındakı əlaqələri pozmaq qərarına gəlib.

Baş verənərlə bağlı kitabın müəllifi, iqumen Aleksi belə deyib:

"Bakı Yeparxiyasında katib təyin olunmağımı öyrənən kimi ermənilər müxtəlif saytlarda mənə qarşı əsl kampaniyaya başladılar. Son illərdə verdiyim bir neçə müsahibəni oxuyan erməni jurnalistlər belə qərara gəldilər ki, Cənubi Qafqazın tarixi öyrənən və Azərbaycanın vətənpərvəri olan insan onlar üçün müəyyən təhlükə mənbəyiyəm. Heç şübhə yoxdur ki, onlar bu vəzifədə ermənilərin tarixə baxışlarına rəğbət bəsləyən insanı görmək istəyirlər. Bəhs etdiyim səbəbdən də onlar ifadələrə fikir vermədən məni "Bakı rejiminin xidmətçisi, "Roma Papasından da artıq katolik", "simasında ciddi ifadə olan manipulyator"  və s. adlandırırlar.

Hansısa Viktoriya Arakelova da məni Facebook profilində "tənqid" edib. O, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunu psevdoelmi ədəbiyyat çap etməkdə, habelə, məşhur Rusiya ali təhsil müəssisəsi ilə Bakı Yeparxiyası arasında anlaşma imzalamaqda suçlayır.

Artıq iyirmi ildir ki, Qafqaz Albaniyasının tarixinin tədqiqatı ilə məşğulam. İlk işim 2004-cü ildə dərc olunub, məqalələrim ensiklopediyalarda və müxtəlif elmi nəşrlərdə çap olunur. 2021-ci ildə REA-nın Şərqşünaslıq İnstitutunun qrifi ilə Romada müdafiə etdiyim doktorluq dissertasiyası işıq üzü gördü. Yeri gəlmişkən, həmin iş REA-nın Şərqşünaslıq İnstitutunda ilk müzakirə olunandan sonra yenidən işlənməyə qaytarıldı və şərt qoyuldu ki, müəyyən məsələlərlə bağlı müxtəlif mövqelər əks olunsun - həm ermənilərin, həm də azərbaycanlıların. Kitab korrekt formada yazılıb, bir sıra müsbət rəylər alıb.

Bütün bunlara rəğmən V.Arakelova tarixçi və professor olmasına rəğmən nəinki kitabımı oxumayıb, hətta o əsərin üzünü görməyib. Onun bütün suçlamaları tam illüziyalar, absolyut fantaziyalar üzərində qurulub.

Tarix riyaziyyat deyil və bu bilik sahəsində həmişə eyni hadisəyə müxtəlif mövqelər, fərqli təhlillər olub. Amma erməni tarixçilər və jurnalistlər qəti əmindirlər ki, onların mövqelərindən başqa heç bir nəzər nöqtəsi mövcud ola bilməz.

Heç zaman ermənilərin düşməni olmamışam və deyiləm. Onların mədəni, dini və tarixi irsinə bələdəm. Lakin uzun müddətdən bəri erməni alimlərin tarix elmindəki Qafqaz istiqamətini faktiki olaraq inhisara almalarının, orada ermənilərin müəyyən geosiyasi maraqlarına təhdid ola biləcək kimsəni görmək istəmədiklərinin ədalətsiz olduğunu israrla vurğulayıram".

Protierey Dionisi Sveçnikov da baş verənlərlə bağlı fikrini bildirib. O, Facebook profilində yazıb ki, Viktoriya Arakelova professor üçün heyrətamiz məlumatsızlıq nümayiş etdirərək oxumadığı kitab barədə fikir yürüdüb.

"Gerçəkdənmi professor müzakirə edilən məsələ ilə bağlı adətən həddən ziyadə səthi təsəvvürə malik divan tənqidçilərinin ifadələri və sözlərindən yararlanmağı özünə rəva görüb? Professor bilməlidir ki, elm cameəsi, elə sağlam məntiqli cəmiyyət sübutsuz arqumentləri qəbul etmir. Elmi dərəcəsi olan insan nə üçün elm aləmində qəbul edilmiş diskussiya formasından yararlanmır, amma başabəla bloqerlər təki əsassız ittihamlar irəli sürür? Doğrudanmı Rusiya-Ermənistan Universitetinin nəzdindəki Şərqşünaslıq İnstitutunda indi kimlərinsə kitablarını oxumadan müzakirə etmək ənənəsi var? Belə düşünmək istəməzdim. Ümid edirəm ki, Viktoriya Arakelova yanlış olduğunu etiraf etmək və elmi diskussiya formasına qayıtmaq üçün özündə cəsarət tapacaq", - protierey Dionisi yazıb.

... Vəziyyət gerçəkdən də, ürəkaçan deyil. Amma ermənilər təki qonşumuz olduğundan belə situasiyalara artıq alışmışıq. Yəqin onillər keçməlidir ki, Ermənistanın elmi, ekspert və siyasi dairələrində anlasınlar - tarix sadəcə, ötənlər barədə, xalqları özləri ilə tanış edən elmdir. Lakin keçmiş gələcəyi bəlirləmir.

Gələcək indidən asılıdır və tarixi əsatirlər, miflər heç bir halda gələcəyi nəcib, şərəfli edə bilməz.

Milli.Az