Övladın valideyn üzərində haqları barədə

21 Noyabr 2021 22:55

Tez-tez valideyn etinasızlığı ucbatından övladların acınacaqlı vəziyyətə məruz qalmalarını müşahidə edirik. Sizin danışdığınız problemdən bizə aydın oldu ki, valideynləriniz sizi hələ uşaq ikən babanızın himayəsinə vermişlər. Bəzi valideynlər övladlarının haqlarını yalnız maddi təminat göstərməkdən ibarət olduğunu düşünürlər. Bütün bu problemlərin, yəni övlad valideyn münasibətindəki problemlərin kökündə çox hallarda elə valideynlərin özləri dayanır. İnsanların əksəriyyəti ancaq valideyn haqlarından danışır, lakin övladın da valideyn üzərində xüsusi haqqı olduğunu nəzərdən qaçırırlar. Abdullah ibn Ömərin (Allah onların hər ikisindən də razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər (salləlahu aleyhi va səlləm) belə demişdir: "Hər biriniz qəyyumsunuz və hər biriniz tabeçiliyinzdə olanlar haqqında sorğu-sual olunacaqsınız...". (əl-Buxari, 893).
Övladın valideyn üzərində aşağıdakı haqları vardır:
1. Övladı əzizləmək onun haqlarındandır:
Əbu Hureyrə (Allah ondan razı olsun) deyir: "Peyğəmbər (salləllahu aleyhi va səlləm) Əlinin (Allah ondan razı olsun) oğlu Həsəni (Allah ondan razı olsun) öpdü. Yanında oturan əl-Əqra ibn Həbis ət-Təmimi (Allah ondan da razı olsun) bunu görüb dedi: "Mənim 10 övladım var, onlar­dan heç birini öpməmişəm". Peyğəmbər (salləllahu aleyhi va səlləm) ona baxıb dedi: "Rəhm etməyənə rəhm olunmaz". (əl-Buxari, 5997).
2. Övlad üçün xeyir-dua etmək onun haqlarındandır:
Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunan digər bir hədis də isə Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir: "Üç nəfərin - məzlumun, müsafirin və valideynin övladı üçün etdiyi duanın qəbul olunmasına şəkk yoxdur". ("Sahih əl-Ədəbul-Mufrad" kitabı, 32).
3.  Övladın qayğısına qalmaq onun haqlarındandır. Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir: "Üç qız uşağının və ya üç bacının qayğısına qalan cənnətə daxil olar". ("Sahih əl-Ədəbul-Mufrad" əsəri, 79).
4. Övladı tərbiyə etmək onun haqlarındandır. İslam tərbiyəsi iki mənbədən götürülür:
1. Qurani Kərim, 2. Səhih hədislər. Uca Allah buyurur: "Həqiqətən, Allahın elçisi Allaha, qiyamət gününə ümid bəslə­yənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl nümunədir". (əl-Əhzəb, 21).
5. Atanın öz övladlarını yedizdirib-içizdirməsi, geyim və yaşayışla təmin etməsi vacib olduğu kimi imkanı olduğu təqdisrəd onları evləndirməsi vacibdir. Çünki, evlənmə insanın namusunun, dininin, əxlaqının və s. qorunmasına, harama düşməməsinə səbəbdir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!...". (ət-Təhrim, 6).

Həmçinin, haqlı olduğunuz halda daima üzr istəmək özünüzə zülm etməkdir. Uca Allah insanın nə özünə, nə də başqasına zülm etməsini sevməz. Ona görə də haqlı olduğunuz halda gözəl şəkildə haqqınızı müdafiə edə bilərsiniz, amma Allahın bu ayəsini unutmayın: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən düşkün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!" (əl-İsra, 23).

Milli.Az