Ülvü Qənizadə möhtəşəm geridönüşlə bürünc medal qazandı

3 Noyabr 2021 22:49

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yunan-Roma güləşçimiz Ülvü Qənizadə startda Qırğızıstan güləşçisi üzərində inamlı qələbə qazanıb.

1/8 finalda Hindistan təmsilçisiylə görüş gərgin mübarizə şəraitində keçib. Yekunda Qənizadə minimalhesablı qələbəyə sevinib. Ülvü 1/4 finalda macar rəqibini çətinliklə də olsa, üstələyərək yarımfinala vəsiqə qazanıb. Ancaq finalın bir addımlığında Rusiya güləşçisinə minimal fərqlə məğlub olub və ümidini bürünc medala bağlayıb.

Noyabrın 3-də İran güləşçisiylə həlledici görüş olduqca dramatik alınıb. Belə ki, ilk hissə başa çatanda rəqib hesabda 6:0 öndə olub. Ancaq ikinci hissədə əsl əzmkarlıq örnəyi göstərən Ülvü möhtəşəm geridönüş edərək həmkarını böyük fərqlə üstələyib və dünya çempionatının bürünc medalına sahib çıxıb.

Milli.Az