Sürəkli alqışlar sükutu pozdu... - VİDEO - FOTO

2 Noyabr 2021 10:43

İki ilə yaxın fasilədən  sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrı sevimli tamaşaçılarına yenidən qucaq açdı, sanki doğma ana övladlarını bağrına basdı. Teatr 112-ci mövsümünə dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyası ilə başladı, pərdələr açıldı...

Akademik Musiqili Teatrın rəhbəri, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev teatrın peşəkar aktyorları ilə birlikdə səhnədə göründü və bütün teatrsevərləri yeni mövsümün açılışı münasibəti ilə təbrik etdi. 

Direktor çıxışında istər uzun sürən pandemiyanın ən sərt karantin dönəmlərində, istərsə də 44 günlük Zəfər salnaməsinin yazıldığı o müqəddəs günlərdə kollektivimizin əzmlə çalışdığını xüsusi vurğuladı,  "Döyüşən teatr"ın nurlu şəhidi Əliağa Məmmədovun işiqlı xatirəsini ehtiramla yad etdi və tamaşaçılara onun qəhrəmanlığından danışdı.

Ə.Lalayev II Qarabağ Müharibəsi iştirakçısı, teatrın balet artisti Murad Ağayevə və döyüşlərdə ön cəbhələrdə vuruşan teatrın digər əməkdaşlarının ailə üzvlərinə də təşəkkürünü bildirdi...

Beləliklə, uzun fasilədən sonra biz 112-ci mövsümümüzə yeni ab-hava ilə  başladıq. 

Teatr elə bir məkandır ki, hər anı xatirədir...

Səhnənin sayrışan, rəqs edən işıqlarını görəndə özümü qəribə hiss etdim. Bizim nurlu şəhidimiz - vaxtı ilə teatrımızın səhnəsini işıqlandıran o nurlu oğlanı - Əliağa Məmmədovu xatırladım. Tamaşa gedə-gedə ürəyimdə onunla danışırdım... Vətən müharibəsi iştirakçısı olan əməkdaşımız -balet artistimiz Muradı səhnədə görəndə ürəyim açıldı, fərəhləndim. 44 günlük Zəfər salnaməmizdə səngərdən səhnəyə Qalib əsgər obrazı göz önümdə canlandı.

Ölkədə əmin-amanlıq olmasa, teatr da olmaz! Bizə bu gözəl anları yaşadan cəmi şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə cansağlığı!

17 aylıq fasilədən sonra budur, canlı səhnə, orkestrin müşaiyəti, aktyorların, xor və balet heyətinin peşəkar ifaları...

Pandemiya şərtlərinə uyğun davranmaq, maska taxmaq, ara məsafəsi saxlamaq  dostlarla ünsiyyətə zidd olsa da,onlarla  teatrda görüşün özü hər halı ilə gözəldir. Bir-birimizə uzaqdan  "pandemiya salam"ı verib keçməyimizə də qatlanmaq olar...

Bütün bunları düşünə-düşünə tamaşanın sonuna qədər gözlərimi səhnədən çəkmədim və aktyorlarımızı ürəkdən alqışladım. Onların peşəkar ifaları həmişəki kimi, yenə də hər kəsi heyran etdi.

Əsrlərin sınağından çıxan "O olmasın, bu olsun" tamaşası  dəfələrlə nümayiş olunmasına baxmayaraq, hər zaman rəğbətlə qarşılanır, teatrsevərlərə gözəl və yaddaqalan anlar bəxş edir...

Pandemiyanın fəsadları teatrlara badalaq vursa da, büdrətsə də, sənət fədailəri onu yıxılmağa qoymadılar. Bütün bunlar bizim uğurumuzdur, qələbəmizdir.

İnanıram ki, gün gələcək ümumbəşəri bəla Yer sakinlərindən uzaqlaşacaq. Bu çətin dönəmdə əsas məsələ sağlamlığımızdır. Bir-birimizi qorumaq borcumuzdur. Onsuz da qəlblər bir-birinə sayqı duyursa, məsafələr əngəl deyil.

Akademik Musiqili Teatrın kollektivinə uğurlar və həmişə belə sürəkli alqışlar!

Səhnə əsərinə gəlincə isə, 1911-ci ildə yazılmış, müxtəlif teatr truppaları tərəfindən dəfələrlə tamaşaya qoyulmuş bu əsər uzun illər müxtəlif rejissorların yozumunda nəinki ölkəmizin, həmçinin dünyanın bir çox teatrlarında göstərilib və böyük rəğbətlə qarşılanıb. Qeyd edək ki, sonuncu quruluşun premyerasından - 1998-ci ilin dekabr ayından indiyə qədər teatrın repertuarında uğurla nümayiş olunan tamaşanın rejissoru Xalq artisti, "Şöhrət" ordenli Cənnət Səlimovadır.

Tamaşanın quruluşçu dirijoru, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterləri - Zakir və Leyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri - Elməddin Dadaşov və Sevinc Məmmədovadır.

Tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Nahidə Orucova, Ələkbər Əliyev, Novruz Qartal, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasıyev, aktyorlar - Elxan İsmayılov, Əliməmməd Novruzov, Səməd Xasıyev, Aydan Həsənova, Hüseyn Əlili, Elçin İmanov, Telnaz Hüseynova, Fərid Rzayev, Murad Əliyev, Cəbrayıl Cəbrayılov, Əli Kərimov, Təranə Əliyeva, Rüstəm Rüstəmov, Rahib və Nuray Məmmədzadələr və başqaları çıxış edirlər.

Milli.Az