Xocalı qətliamının şahidi: "Özümüzü cəhənnəmdəki kimi hiss edirdik"
24 Fevral 2012 20:40
Fevralın 26-da Xocalıda baş verən soyqırımın iyirminci ildönümü tamam olacaq. Bu qətliamın ildönümündə hadisənin unudulmaması və Xocalı həqiqətlərini dünyaya yaymaq məqsədilə ölkəmizdə, xarici dövlətlərdə soyqırım lövhələrini əks etdirən rəsmlər və fotolar nümayiş etdirilir, mitinq və yürüşlər təşkil olunur.
Xocalı soyqırımı yaxın keçmişimizdə - 1992-ci ildə törədilib. Üzərindən 20 il keçsə də, Xocalı hadisələrinin canlı şahidləri erməni terrorçuları tərəfindən törədilən həmin dəhşətlərin qarabasmaları ilə yaşayırlar. Soyqırımın qəlblərində açdığı dərin yaralar hələ də qan verir...
Milli.Az "Yeni Müsavat"a istinadən bildirir ki, Xocalı dəhşətlərini öz gözləri ilə görən, ermənilərin törətdikləri qırğınların şahidi olan Xocalı sakinlərindən biri də Tərtərin Qaynaq kəndində məskunlaşan Yaqub Zamanovdur. Ailənin başçısı Novruz Zamanov Xocalının müdafiəsi zamanı şəhid olub. Ailənin Simuzər adlı qızı gördükləri hadisələrin təsirindən sarsıntı keçirib və bir il sonra dünyasını dəyişib. N.Zamanovun həyat yoldaşı F.Zamanova Xocalı işğalı zamanı ermənilər tərəfindən girov götürülüb. Oğlanlarının səyi ilə benzin və dörd erməni girovu müqabilində Fatma nənəni və doxsana qədər girovu bir ay sonra erməni əsgərlərindən alıb Ağdama gətiriblər.
Y.Zamanov hadisələri, gördükləri erməni vəhşiliklərini bizə öz dili ilə nəql etdi. Bildirdi ki, münaqişə alovlananda, hadisələr qızışanda, könüllü olaraq Xocalının müdafiəsinə qalxıblar. Xocalını ancaq altı ay saxlaya biliblər. Onun sözlərinə görə, atası ilə Xocalı ətrafında müxtəlif postlarda keşik çəkiblər: "Ətraf yerlərdə səngərlər qazmışdıq. Keşik çəkirdik. Çox az adamda silah var idi. Buna baxmayaraq, basqınlar olduqca qarşısını ala bilirdik. Fevralın 25-i axşam gördük ki, ətrafımız üzük qaşı kimi dairəyə alınıb. Qaranlıqdan işıqlar parıldayırdı. Elə bildik hər gecə olduğu kimi, erməni əsgərləri bizi qorxutmağa çalışırlar. Bir az keçəndən sonra xəbər gəldi ki, erməni qoşunları "aeroport" tərəfdən 3 post alıblar. Əvvəlcə inanmadıq. Həmin ayları hamı həyəcan içində yaşayırdı. Altı ay blokada müddətində Xocalıya vertolyotla gəlib-gedirdilər. Həmin gecə bizim kəndin başından və çaylaq tərəfdən evləri yandırmağa başladılar. Dedilər ermənilər kəndə giriblər. Camaat təşvişə düşdü. Bəzi adamlar hələ də xəbərə inanmırdılar. Arvad-uşağı qazma tunellərə doldururduq. Qonşularımızdan biri gəldi ki, üçüncü və dördüncü postdakı nəzarətçiləri öldürüblər".
Hadisələri nəql etdikcə boğazı qəhərdən kilidlənən Y.Zamanov bu dəfə özünü saxlaya bilmir. Hönkürtü ilə ağlayır. Özünə gələndən sonra "Həmin postları qoruyan atamgil idi" dedi. Söyləyir ki, hələ Xocalıda hadisələr baş verməzdən əvvəl erməni tanışları onlara "Çıxın gedin, Ağdamdan aşağı gedin" deyirmişlər. Bundan sonra Xocalı ilə bağlı böyük bir ssenarinin hazırlandığını anlayıb: "Torpağı qoyub çıxmaq mümkün olmur. Xocalını məcburən tərk elədik. O zaman həyatımda ən ağır hissləri keçirmişəm. Törədilən dəhşətlər, əzizlərimizin itkiləri içimizi darmadağın etmişdi. Özümüzü cəhənnəmdəki kimi hiss edirdik".
Müsahibim atasıgilin ölüm xəbərindən sonra anasının girov düşdüyünü eşidib: "Anamgil bizdən xeyli aralıda idi. İstədik onlar tərəfə gedək. Dedilər onlar çıxıblar. Erməni əsgərləri həmin postları götürəndə anamgilin saxlandığı sığınacağı da tutub, onları girov götürüblər. Bunu eşitmişdik ki, erməni tankları kəndimizə girdilər. Sakinlərin kimisi çayaşağı qaçır, kimisi qaçıb evdə gizlənirdi. Mərmilər üzərimizə dolu kimi yağırdı. Biz tərəfdən o qədər də cavab olmadı. Adamların silahları demək olar yox idi. Silahı olanlar da güllə atmırdılar ki, yerləri bilinməsin. Atəş açanların hamısını öldürdülər. Meşə tərəfə qaçdıq. Ata baladan, qardaş bacıdan ayrı düşdü. Kim ölürdüsə, yanındakı istər-istəməz özünü itirirdi. İnsanları toplamaq da çətinləşdi. Evlər yanırdı. Hər yer alov içində idi. Elə bil gündüz idi. Qaçıb canını qurtaranlar da oldu, girovluqda qalanlar, ölənlər də. Bir qrup Xocalı sakininin Ağdama pənah apardığını eşidən erməni əsgərləri Şelli kəndi ilə Ağdamın arasındakı yolu kəsmişdilər. Oradan keçməyə cəhd edən bir dəstə Xocalı sakinini güllədən keçirmişdilər".
Hadisələri danışdıqca, müsahibimizin üzündə əzab cizgiləri yaranır. Üzünün ifadəsi tez-tez dəyişir, əsəbdən üz əzələləri yığılıb açılırdı. Sonuncu nəfəsiymiş kimi dərindən nəfəs alıb-verir. Müsahibə müddətində arada bir neçə dəfə mövzunu dəyişib fasilə verməli olduq. Danışdıqca həyəcanlanır, alnında tər damcıları görünməyə başlayır: "Birtəhər 3-4 nəfərlə Ağdamın Şelli kəndinə çıxdıq. Bir müddət orada gözlədik. Gördük biz tərəfdən heç kim gəlmədi. Yenidən geri qayıtdıq. Ermənilərin postunu yarıb keçdik. Bizdən bir, qarşı tərəfdən 4 erməni əsgəri öldü. Xocalıya tərəf yol aldıq. Mənzərə dəhşət idi. Meyitləri də təhqir etmişdilər. Öldürülənlərin qulaqlarını, burunlarını kəsib gözlərini çıxarmışdılar. O qədər keyimişdik ki, heç nə hiss etmirdik. Girovluqdan 11 adam xilas etdik. Aralarında donanlar da var idi. Qoca bir qadını sürüyə-sürüyə gətirdik. Özümüz də donmuşduq. Şellinin üstündə sanatoriya var idi. Onları həmin sanatoriyada yerləşdirdik. Hamıdan soraqlaşdıq. Yenə də atam-anamgildən heç kimi tapmadıq.
Məshəti türkü olan bir qonşumuz var idi. Onu gördüm Şellidə. Dedi ki, atamı görüb. Atamın öldüyü xəbərini eşitmişdim. Amma bu təsdiqlənməmişdi deyə, hələ də onun sağ olduğu xəbərini gözləyirdim. Bəlkə də buna görə onun dediyinə inandım. Yenidən geri qayıtdıq. Bir gecə qardaşımla meşədə qalıb gözlədik. Qar qurşağa çıxırdı. Bu dəfə də iki Xocalı sakinini tapdıq. Ətraf donmuş və güllələnərək öldürülən meyitlərlə dolu idi. Dişləri qızıldan olan meyitlərin dişlərini sökmüşdülər".
Müsahibimiz danışır ki, ertəsi gün Əsgəranda toyuq ferması yaxınlığında, meşənin qurtaracağında 100-150 nəfəri girovun 20 əli silahlı erməni əsgərləri tərəfindən sıraya düzülüb aparıldığını görüblər: "Bizdən ancaq iki nəfərin silahı var idi. Onlardan biri də ov tüfəngi idi. Onlar bizdən 5-6 kilometr aralıda idilər. İstədim qabağa gedim. Yoldaşlarım məni tutub getməyə qoymadılar. Dedilər beş-altı nəfərik. Onlar da əli avtomatlı 20 nəfərdilər. Dedim qoy, gedib ölüm. Amma bunları aparmasınlar. Nə qədər dartınsam da, buraxmadılar. Başım təmiz xarab olmuşdu".
Göz yaşlarını yenə də saxlaya bilmir: "Həmin girovları fermaya apardılar. Məni də sürüyə-sürüyə geri gətirdilər. Özümüzlə dörd nəfər də erməni girovu gətirdik. Nə xeyri var... Danışa bilmirəm. Dəhşətlər görmüşəm. Geri qayıdanda bir qoca qadın, bir də gəlin xeylağı gətirdik özümüzlə. Məlum oldu ki, atışma olanda ermənilər onları qoyub qaçmışdılar. Çayın kənarından bir-iki yaralı gətirdilər. Ağdama yerləşdirdilər. Fazil adlı qonşum var idi.
Əməliyyat olundu, amma yaşamadı. İki erməni hərbiçisi əsir götürmüşdük. Birinin milliyyəti erməni idi. O biri əsgər başqa millətdən idi. Dərisinin rəngi qara, qulağında isə sırğası var idi. Hündürboy, iri cüssəli əsgər idi. Bizimkilər qaçmasın deyə, onu ayağından beş metrlik zəncirlə topa qıfıllamışdılar. Bizimkilərə o qədər atəş açmışdı ki, yanında bir qalaq boş giliz var idi. Ayağından yaralı idi. Dörd girovu sonradan dəyişdik. Amma o iki əsgərin aqibətinin necə olduğunu bilmədik".
***
Xocalı sakini anası girovluqdan qayıdandan sonra onlara gördükləri barədə dəhşətli faktlar danışdığını dedi: "Bizimkilərin başına girovluqda bir oyun açıblar. Erməni əsgərləri hər gün girovların arasından cavan qız-gəlinləri seçib namuslarına təcavüz edirlərmiş. Arvad-uşağı qocanı öldürməyə nə var ki?! Bunu hamı edə bilər. Amma biz müharibəni uşaqlarla aparmırdıq".
Y.Zamanov anasının girovluqdan necə qaytardıqlarını da danışıb: "Bir gün ermənilər bizə 60 ton benzin müqabilində 95 girov qaytara biləcəklərini dedilər. Bizdə də 4 erməni girovu saxlamışdıq. 40 ton benzin ancaq toplaya bildik. Bizə qaytaracaqları girovların 90 nəfəri məshəti türkü imiş. Anam da onların içində olub. Onlar girovluqda anama azərbaycanlı olduğunu bildirməməyi deyiblər.
Məshəti türklərindən biri girovluqda olanlara deyib ki, kim Fatma ananı satsa, onu öldürəcək. Nəhayət, girovları gətirdilər. Anamı soruşdum. Dedilər birinci maşında olub. Əslində birinci maşını saxlamışdılar beş dəqiqəlik. İçəri baxsam da anamı orda tanımamışam. Dedilər maşını Ağdamda hansısa çayxanaya aparıblar. Maşının arxasınca getdim. Öyrəndim ki, anamı qonşu evə aparıblar. Getdim ki, evə beş-altı adam yığışıb. Qurana and olsun, anamı tanıya bilmədim. Amma anam məni tanıdı". Ağlayır. "Anam elə balaca olmuşdu ki... başqa rəngdə bir şey olmuşdu" - deyir.
Hadisələrdən sonra anasının da səhhətində ciddi problemlər yaranıb: "Ödündən əməliyyat olundu. Bu hadisələr zamanı atam şəhid oldu, bacım dünyasını dəyişdi. Ən əziz adamlarımızı itirdik..."
Milli.Az