Vətən sevdalısı şəhid Elməddin Namazov - VİDEO

28 Oktyabr 2021 12:34

"Ana, torpaqları ermənilərdən azad edək qayıdaq, sənə gözəl bir ev tikəcəm, səni saraylarda yaşadacam" demişdi 25 yaşlı şəhidimiz Elməddin Nəsib oğlu Namazov. 44 günlük Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşlərə qatılan Elməddin, 1996-cı ilin mayın 7-də Samux rayonunun Qovlarsarı kəndində anadan olub. 2014-2016-ci illərdə Naxçıvan Muxtar Respublikasında "n" saylı hərbi hissədə kəşfiyyat taborunda atıcı kimi xidmət keçən qəhrəmanımız, fəxri fərman alaraq evə döndükdən sonra nümunəvi övlad kimi valideynlərinin qulluğunda dayanıb. Sentyabrın 20-də ordu sıralarına təkrar qulluq üçün çağırış gələndə başqa şəhərdə olsa da özünü hərbi komissarlığa çatdırıb.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki,döyüşlərdə olduğu dövrdə Elməddin ailəsindən harada olduğunu gizlədirdi. Nə qədər anası öyrənməyə çalışsa da sadəcə təlimlərdə olduğunu söyləyirdi. O hətta yaralı olduğu zaman zəng edəndə belə hələ də Seyfəlidə təlimlər keçdiyini deyirdi. Qəhrəmanımız şəhid olmamışdan bir gün öncə yenə də ailəsinə zəng etmişdi.

Ürəyi vətən eşqi ilə döyünən Elməddin Namazov, əzizlərinə müharibə dövründə heç nə söyləməsə də onunla bir taborda olan əsgər yoldaşları şəhid haqqında xatirələrini sonradan ailəsiylə bölüşüblər. Məlum olub ki, Murovdan Qubadlıya qədər keçən döyüş yolunda Elməddin bir neçə dəfə yaralanıb, lakin geri dönməyib, öz döyüş yoldaşlarını tək buraxmayıb.

Hələ uşaqlıqdan qəlbi mərhəmət hissi ilə dolu olan şəhid Elməddin Namazov, müharibəyə yollanmamışdan öncə hər kəsə yaxşılıq etmək, hamının xatirində xeyirxah əməllərlə qalmağa çalışırdı.Yaşadığı küçədə insanların içməli sudan əziyyət çəkdiyini görən şəhidimiz atası ilə birlikdə su xəttinin çəkilməsinə nail olur.

"Şəhidlər ölməz, Vətən bölünməz". İki bacının bir qardaşını torpaqların azadlığı uğründa qurban verən ata və ana qürurludur. Ona görə ki, övladları vətən uğrunda şəhid oldu. Bütün şəhid valideynləri kimi onların da bir sözü var. Vətən sağ olsun. Canını vətən uğrunda fəda edən, Gəncə Şəhidlər xiyabanında uyuyan şəhid Elməddin Namazov, ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda " və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub.

Milli.Az