Şəhidin xatirəsi əbədiləşdirilib - VİDEO

27 Oktyabr 2021 15:54

Şəhidin anım günü keçirilib, xatirə lövhəsinin açılışı olub

"Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin nəzdində Peşə Təhsil Mərkəzinin inzibati binasında Nazirliyin şəhid əməkdaşı Asəf Nəsibovun anım günü keçirilib, şəhidin xatirə lövhəsinin açılışı olub.

Əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, 44 günlük Vətən müharibəsində qazanılan qələbə nəticəsində torpaqlarımızın düşmən tapdağından azad edildiyini bildirib. Nazir müavini əlavə edib ki, Vətən müharibəsinin başlandığı ilk anlardan etibarən Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşib. Yüksək vətənpərvərlik ruhuna malik on minlərlə gənc cəbhəyə könüllü getmək üçün müraciət etdilər. Yaşından, peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın azad edilməsi üçün əlindən gələni etdi. Tədbirdə həmçinin qeyd olundu ki, Vətən müharibəsində nazirliyinin 140-a dək əməkdaşı iştirak edib. Həmkarımız Asəf Nəsibov isə şəhidlik zirvəsinə ucalıb.

Asəf Nəsibov Vətən müharibəsinin könüllü iştirakçısı olub, Cəbrayıl, Qubadlı, Laçın rayonlarının işğaldan azad edilməsində iştirak edib və Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhid Asəf Nəsibovun atası Səfəralı Nəsibov şəhidlərin heç vaxt unudulmadığını, şəhid ailələrinin daim diqqət və qayğı ilə əhatə olunduğunu bildirib, qəhrəmanlarımızın qürür yerimiz olduğunu qeyd edib. Tədbir çərçivəsində şəhid Asəf Nəsibovun xatirəsinə həsr edilən "Vaxtsız solan ömür" qısametrajlı filmi nümayiş etdirilib.

Milli.Az