Füzuli Beynəlxalq Hava Limanının açılışı Azərbaycanın gücünə güc qatacaq - Sevil Mikayılova

26 Oktyabr 2021 17:34

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı tarixi bir hadisədir. Hava limanının açılışı həm siyasi, həm də iqtisadi baxımdan Azərbaycanın gücünə güc qatacaq.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, Füzuli hava limanı çox qısa bir vaxtda, cəmi 8 ay ərzində ərsəyə gətirildi: "Bu cür beynəlxalq hava limanının belə qısa zaman kəsiyində istifadəyə verilməsi dünyada çox az rast gəlinən bir hadisədir və dövlətimizin gücünün, xalqımızın iradəsinin bariz göstəricisidir. Əlbəttə ki, belə bir əlamətdar gündə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın yanında olması çox qürurvericidir.

Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş torpaqlarda aparılan sürətli bərpa və quruculuq işləri günü-gündən daha sürətli temp alır. Qardaş Türkiyənin Azərbaycanla həmrəyliyi xalqımızda ruh yüksəkliyi yaradır".

Deputat vurğulayıb ki, Füzuli Beynəlxalq Hava Limanı ilk növbədə işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin sürətləndirilməsinə imkan verəcək: "Belə ki, bərpa və quruculuq işləri üçün tələb olunan yük və malların hava limanı vasitəsilə daha tez daşınması və çatdırılması aparılan işlərin daha sürətlə yerinə yetirilməsinə şərait yaradacaq".

S.Mikayılova bildirib ki, Füzulidə hava limanının açılması həm siyasi, həm iqtisadi anlamda böyük önəm kəsb edir: "Bu, Azərbaycanın hava nəqliyyatının şaxələndirilməsi baxımından xüsusən əhəmiyyətlidir. Həm yük, həm sərnişin təyyarələrini qəbul edəcək hava limanı ölkəmizin iqtisadiyyatına əlavə dəyər verməklə bu ərazilərin ana iqtisadiyyata inteqrasiyasını sürətləndirəcək. Hava limanı, eyni zamanda, gələcəkdə Azərbaycanın xarici ticarət dövriyyəsinin, o cümlədən ixaracatının əhəmiyyətli dərəcədə artmasına xidmət edəcək. İşğaldan azad edilən ərazilərdə kənd təsərrüfatı, sənaye məhsullarının istehsalı potensialını nəzərə alsaq, hava limanının nə qədər əhəmiyyətli olduğunu görə bilərik".

Deputat əlavə edib ki, Füzuli hava limanı eyni zamanda, regional hava nəqliyyatının genişləndirilməsi üçün də əlavə imkanlar yaradacaq: "Çətin relyefdə inşa edilmiş bu hava limanı Avropa və Asiya arasında nəqliyyat daşımalarının həcminin artırılmasına da əhəmiyyətli töhfə verəcək. Belə ki, yeni iqtisadi potensialın tam mənimsənilməsi, eləcə də regionun turizm imkanlarının daha səmərəli istifadə olunması baxımından Füzuli hava limanı unikal üstünlüklərə malikdir".

Milli.Az