Sabiq icra başçısının vəfatı ilə bağlı yeni faktlar: 12 gün əvvəl... - FOTO

25 Oktyabr 2021 20:42

Sabiq icra başçısı, folklorşünas alim, şair-publisist, AMEA Folklor İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Nizami Muradoğlunun (Məmmədov) ölüm səbəbi məlum olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, yaxınları Nizami Muradoğlunun onkoloji xəstəlikdən əziyyət çədiyini bildiriblər. Bir müddət müalicə olunan sabiq icra başçısı ötən gün vəfat edib.

O da bildirilib ki, Nizami Muradoğlunun vəfatından 12 gün əvvəl onun həyat yoldaşı da dünyadan köçüb.

Allah hər ikisinə rəhmət eləsin!

Qeyd edək ki, Nizami Murad oğlu Məmmədov 1955-ci il aprel ayının 2-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əylis kəndində anadan olub. 1972-1976-cı illərdə akademik Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-ədəbiyyat fakültəsində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alıb.

1976-cı ilin oktyabr ayından 1977-ci ilin noyabr ayınadək hərbi xidmətdə olub.

Azərbaycanda sabiq icra başçısı vəfat etdi - FOTO

1978-1986-cı illərdə Naxçıvan MR-da komsomol təşkilatlarında, 1987-1994-cü illərdə təhsil sahəsində çalışıb.

1994-cü ilin may ayından 1996-cı ilin noyabrınadək Ordubad rayon icra hakimiyyətində icra başçısının müavini, 1996-cı ilin noyabr ayından 2002-ci ilin aprel ayınadək icra başçısı vəzifəsində işləyib.

N.Muradoğlu (Məmmədov) 2010-cu ilin noyabr ayından AMEA Folklor İnstitutuna elmi işçi vəzifəsinə qəbul edilib. 2013-cü ildə "Məmməd Araz yaradıcılığında folklor motivləri" mövzusunda filologiya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.

2016-cı ildə folklorşünaslıq ixtisası üzrə dosent elmi adını alıb.

2019-cu ildə "Müstəqillik dövrü Azərbaycan şeiri və folklor" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

2021-ci ildən AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin baş elmi işçisi kimi fəaliyyət göstərən Nizami Muradoğlu Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü idi. O, 20 kitab, 100-dən artıq elmi məqalə müəllifi olub.

N.Muradoğlu "Qızıl qələm", "Vətən-media", "Həsən bəy Zərdabi" mükafatları laureatı idi.

Milli.Az