Bakıda azərbaycanlıların II Dünya müharibəsinə verdiyi töhfələrə həsr olunan beynəlxalq simpozium keçiriləcək
23 Fevral 2012 20:12
Bakıda azərbaycanlıların II Dünya müharibəsinə verdiyi töhfələrə həsr olunan beynəlxalq simpozium keçiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda "Yahad-in Unum" təşkilatının rəhbəri Patrik Debua keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu ilin oktyabr ayında keçirilməsi planlaşdırılan simpozium II Dünya müharibəsində yarım milyon azərbaycanlının ön cəbhədə həlak olmasına, Azərbaycan neftçilərinin müharibədə qələbənin əldə olunmasında verdiyi töhfəyə, Azərbaycanın o dövrdə Ukrayna, Belarus və Moldovadan olan minlərlə yəhudiyə sığınacaq verməsinə həsr olunacaq.
Debua bildirib ki, bu mövzular üzrə aparılan tədqiqatlarla bağlı elmi mübadilə aparmaq üçün ABŞ və Avropadan tarixçi ekspertlər simpoziuma dəvət olunacaqlar.
"Yahad-in Unum" nümayəndə heyətinin Azərbaycana hazırkı səfərində məqsəd yəhudi xalqının İkinci Dünya müharibəsində məruz qaldığı Holokost və Azərbaycan xalqının XX əsrin sonunda məruz qaldığı Xocalı faciəsinin daha yaxından öyrənilməsidir.
Debua mətbuat konfransında bildirib ki, yəhudilərin Azərbaycana köçürülməsi və kütləvi qırğından qurtulmasına dair elmi araşdırmaların aparılması, Azərbaycanın II Dünya müharibəsində faşizmə qarşı mübarizəyə verdiyi tarixi dəstəyi qərb tarixçiləri və yerli tarixçilərin birgə tədqiq edib dünya elmi ictimaiyyətinə çatdırması vacibdir.
Debua, həmçinin Qubaya səfəri zamanı orada yəhudilərlə müsəlmanların xoş münasibətlərinin şahidi olduğunu vurğulayıb.
Milli.Az