İranda Covid-19 minlərlə uşağı yetim qoyub

23 Oktyabr 2021 18:15

İranın səhiyyə işçiləri 51 mindən çox uşağın Covid-19 pandemiyasında ən az bir valideynini itirdiyini açıqlayıblar. Onlardan biri də 4 yaşlı Elizadır.

Milli.Az BBC Azərbaycan-a istinadən xəbər verir ki, atasını çox sevən uşaq atası ilə birlikdə mahnılar, kitablar oxuyardı. Hər gecə Elizanı atası yatırdardı.

Ancaq bir gün atası öskürməyə başladı və onu xəstəxanaya apardılar. Covid-19 ucbatından Eliza 40 yaşlı atasını itirdi.

"Məni bir dəqiqə görməyəndə panikaya düşür. Atası kimi gedib geri dönməyəcəyimi düşünür" - Elizanın anası belə deyir.

Eliza İranda ata və ya anasını itirən minlərlə uşaqdan biridir.

Bu uşaqların əksəriyyəti son il yarımdır ki, təhsillərini evdən davam etdirirlər, pandemiya məhdudiyyətləri onları dəstəkləyən sosial xidmətləri əlçatmaz edib. Bu vəziyyətin qalıcı təsirləri olacağanı düşünənlər var.

Londonda yaşayan psixologiya professoru Samineh Shahem deyir ki, ata-analarını itirmiş uşaqların həyatı qeyri-müəyyənliklərlə doludur:

"Onlara elə gəlir ki, yollarını və həyatlarına nəzarəti də itiriblər. Bu, qısamüddətli travmalara, sağlamlıq problemlərinə və uzun müddət keçməyəcək psixoloji izlərə gətirib çıxara bilər".

Belə uşaqların bir çoxuyla müqayisədə Elizanın vəziyyəti daha yaxşıdır, çünki anası müəllimədir, onun dolanışığını və təhsilini təmin edə bilir.

Ancaq bir çox ailələr üçün həyat daha çətindir, xüsusən də evə ən çox və ya yeganə qazanc gətirən fərdini itirən ailələrə.

Sanksiyalar, yoxsa pis idarəçilik?

ABŞ başda olmaqla, bir çox ölkənin tətbiq etdiyi sanksiyalara, geniş yayılmış korrupsiya və pis idarəçiliyə görə İran iqtisadiyyatı pandemiyanın hələ əvvəlindən zəif vəziyyətdəydi.

İran Parlamentinin Araşdırma Mərkəzinin məlumatlarına görə, Covid-19 böhranının birinci ilində bir milyondan çox iranlı işini itirib və bunun çox ağır nəticələri olub.

"İqtisadi qeyri-müəyyənlik və maddi çətinliklər ucbatından bəzi uşaqlar kiçik qardaş-bacılarının qayğısına qalmaq üçün təhsili buraxmış və əmək istismarına məruz qalmış ola bilərlər. Bu isə bütün ailə üçün çox ciddi nəticələrə gətirib çıxara bilər", - Samineh Shahem belə deyir.

İran koronavirus pandemiyasının ən ağır hal aldığı Yaxın Şərq ölkələrindən biridir.

Rəsmi məlumatlara görə, pandemiyada ölənlərin sayı 120 min nəfərə çatıb, ancaq məmurlar gerçək sayın bundan xeyli çox ola biləcəyini qəbul edirlər.

Bir çox iranlı pandemiyanın bu qədər şiddətli olmasında keçən qış ABŞ və Britaniya peyvəndlərinin idxalını qadağan edən ali dini lider Ayətullah Əli Xameneyini günahlandırır.

Hazırda İran bu vaksinləri qəbul edir, amma indiyə qədər əhalinin yalnız 20 faizi peyvəndin tam dozasını alıb.

İran Prezidenti İbrahim Rəisi sentyabrın sonuna qədər əhalinin 70 faizinə 2 doza vaksin vurulacağını desə də, bu vəd reallaşmayıb.

Elizanın atası üçünsə artıq çox gecdir.

Anasının sözlərinə görə, Eliza elə hey "Kovid yox olanda atam geri dönəcək" deyir.

Təəssüf ki, onun arzusu gerçəkləşməyəcək. Üstəlik, Eliza kimi minlərlə uşaq bu qənaətlə böyüyəcək ki, peyvəndlərin idxalına qadağa qoyulmasaydı, bəlkə də ata-anaları sağ qalacaqdılar.

Milli.Az