Putin Azərbaycan-Ermənistan sərhəd məsələsinə nöqtə qoydu - Bakı istəyinə çatır

23 Oktyabr 2021 11:57

"Rusiya prezidenti Vladimir Putinin "Valday" Beynəlxalq Disskussiya klubunun plenar iclasında Qarabağ mövzusu ilə bağlı açıqlamaları onu göstərir ki, regionda sülhün dayanıqlı olması ilə bağlı qərar artıq verilib".

Bunu Milli.Az-a açıqlamasında Moskvada yaşayan siyasi ekspert Fərid Əkbərov deyib.

O bildirib ki, Moskva İrəvanın Bakı və Ankara ilə münasibətlərinin normallaşmasına maraqlıdır:

"İranın Rusiyadakı keçmiş səfiri Mehdi Sənayinin anti-Azərbaycan tərkibli və Rusiyanın regionda maraqlarının əslində nədən ibarət olması ilə bağlı İran tərəfinin narahatlığını ehtiva edən sualına Putin heç də rəsmi Tehranın istədiyi kimi reaksiya vermədi. Rusiya prezidenti regiondakı mövcud vəziyyət, Ermənistan qarşısındakı hazırki mərhələdə duran vəzifələr, Moskvanın vasitəçilik missiyasının vacibliyi,  Rusiya, Azərbaycan və Ermənistan arasında gedən üçtərəfli danışıqların əsas məğzi barədə məlumat verdi. 

Putinin Valdayda Qarabağla bağlı çıxışında üç əsas məqam diqqəti çəkdi: Birinci məqam təbii ki, Zəngəzur dəhlizi ilə bağlı dedikləri idi. Rusiya prezidenti Azərbaycanın Naxçıvanla normal əlaqənin qurulmasında, kommunikasiyaların açılmasında maraqlı olduğunu dilə gətirdi və bunun Ermənistan qarşısında duran ən birinci vəzifələrdən biri olduğunu söylədi.

"Regionda səmərəli iqtisadi həyatın, səmərəli əməkdaşlığın qurulmasında, o cümlədən Azərbaycanla gələcəkdə münasibətlərin qurulmasında, Türkiyə ilə münasibətlərin donunun açılmasında, bu münasibətlərə müasir xarakterin verilməsində Ermənistan prinsipcə bunda maraqlıdır. Bu, bu və ya digər halda əsas məqsədə nail olunmasına gətirib çıxarmalıdır - iki dövlətin təhlükəsiz mövcudluğunun və iqtisadi inkişaf üçün şərtlərin yaradılmasına gətirib çıxarılmalıdır", deyə Putin bildirib. Bu nə anlama gəlir? Bu, onu göstərir ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına, regionda bütün nəqliyyat koomunikasiyalarının və iqtisadi əlaqələrin bərpa olunmasına tam razılıq verib. Putinin dediklərindən aydın olur ki, Moskva İrəvanın Bakı və Ankara ilə münasibətlərinin normallaşmasına maraqlıdır. Təbii ki, bu münasibətlərin normallaşması Moskvanın nəzarəti altında olmaq şərti ilə... Ankara-İrəvan, Bakı-İrəvan münasibətlərinin normallaşması məsələsi Ərdoğanın sentyabrın sonunda Soçiyə səfəri zamanı əldə olunan razılaşma əsasında həyata keçirilir.

Putin Valdaydan rəsmi İrəvana bir daha mesaj göndərmiş oldu. Həmin mesajda bir tezis vardı: Ermənistanın təhlükəsiz inkişafı ancaq Azərbaycan və Türkiyə ilə normal münasibətlərin qurulmasından asılıdır.

Putinin çıxışında ikinci vacib məqam Ermənistan-Azərbaycan sərhədyanı probleminin həll olunması ilə bağlı dedikləri idi: "Ermənistan və Azərbaycan sərhəd məsələsini sovet dövrünün xəritələri əsasında həll edə bilər, İndi ən vacib şey sərhəddəki vəziyyəti həll etməkdir. Əlbəttə ki, Rusiyanın iştirakı olmadan burada heç nə etmək mümkün deyil. İki tərəf və Rusiyadan başqa heç kim lazım deyil. Burada çox sadə, praqmatik şeylər var. Çünki Rusiya ordusunun Baş Qərargahında SSRİ respublikaları arasındakı sərhədlərin haradan keçdiyini göstərən xəritələr var". Putin bununla həm də Azərbaycan-Ermənistan sərhədində baş verənlərə müdaxilə etməyə cəhd edən Qərb ölkələrinə, Fransa və ABŞ-a da mesaj göndərmiş oldu. Bildirdi ki, Ermənistan-Azərbaycan sərhəd məsələsini ancaq Rusiya həll edə bilər, çünki bu sərhədlərin haradan keçdiyini göstərən sovet dövrünün xəritələri Pentaqon və ya Parisdə deyil, Moskvada Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahındadır. Bununla da Rusiya prezidenti Azərbaycan-Ermənistan sərhəd məsələsinə nöqtə qoymuş oldu. O ki, qaldı Putinin bu məsələdə bəzi kompromisslərə işarə etməsinə, hesab edirəm ki, bu sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı kiçik detallardır ki, vaxtı gələn zaman öz həllini tapacaq. 

Üçüncü vacib məqam isə Rusiya prezidentinin Qarabağdakı sülhməramlı kontingentin qalma müddətinin uzadılması ilə bağlı dedikləri idi. Kremlin rəhbəri bunun əsas məsələ olmadığını bildirərək, başlıca məqsədin Azərbaycanla Ermənistan arasında normal münasibətlərin qurulmasına nail olmaqdır. Fikrimcə, Putin Azərbaycanla-Ermənistan arasında normal münasibətlər qurulmayana qədər sülhməramlı kontingentin Qarabağdan çıxmayacağının anonsunu vermiş oldu.       

Hesab edirəm ki, Putinin Valdaydakı çıxışı yaxın zamanlarda Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderərinin üçtərəfli görüşünün müjdəçisidir. Düşünürəm ki, bu görüşün noyabrın 9-da, ötən il müharibənin bitdiyi günün birinci ildönümündə Soçidə və ya Moskvada keçirilməsi mümkündür. Fikrimcə, üçtərəfli görüşdə sülh müqaviləsi deyil, 9 noyabr və 11 yanvar bəyanatlarının davamı olaraq növbəti üçtərəfli razılaşma imzalanacaq. Bu razılaşmaya əsasən Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinə start veriləcək və Cənubi Qafqaz regionunda bütün nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin bərpa olunması ilə bağlı üçtərəfli işçi qrup tərəfindən hazırlanan "yol xəritəsi"nin icra olunmasına start veriləcək. 

Düşünürəm ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması bütün bu proseslər realizə olunandan sonra mümkün ola bilər. Yəni sərhədlər delimitasiya və demarkasiya olunandan, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından, Qarabağın Rusiyanın müvəqqəti nəzarəti altında olan hissəsinin Azərbaycanın tam yurisdiksiyasına verilməsindən sonra iki ölkə arasında sülh müqaviləsi imzalanacaq. Rusiya rəsmi Bakı ilə birlikdə bu prosesə artıq start verib. Paşinyan hökuməti tərəfindən də bu istiqamətdə müsbət siqnallar gəlməyə başlayıb. Qarabağda erməni silahlılarının tərksilah olunması, "Ermənistanın gələcəyinin Artsaxın gələcəyindən asılı olması" tezisinin Ermənistan cəmiyyəti tərəfindən etirazla qarşılanması bu prosesin tərkib hissəsi sayıla bilər. Düşünürəm ki, hazırda ən vacib məsələ regionda nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpa olunmasıdır. Azərbaycan manatı Qarabağın Rusiyanın müvəqqəti nəzarəti altında olan ərazisinə ayaq açan kimi düşünün ki, bu proses artıq bitib.   
      
O ki qaldı regionda altılıq platformasının həyata keçirilməsi perspektivlərinə, çox güman ki, regionda hələlik 3+3 formatının reallaşması yaxın perspektivdə real görünmür. Buna səbəb isə Gürcüstanın Rusiya faktoruna görə bu formata isti baxmaması, həmçinin burada Qərb faktorunu da nəzərə almaq vacibdir,  İranın dünya erməni lobbisinin təsiri altına Azərbaycanla konfliktə girmək cəhdləridir. Hesab edirəm ki, Azərbaycan və Türkiyə prezidentlərinin təşəbbüskarı olduqları "altılıq" əməkdaşlıq platforması hələlik 2+2, Rusiya,Türkiyə, Azərbyacan və Ermənistan formatında həyata keçiriləcək". 

Təhməz Əsədov
Milli.Az