Intel Core i9-dan daha güclü

23 Oktyabr 2021 22:25

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Geekbench test nəticələri ortaya çıxıb. Geekbench testləri sayəsində məlum olub ki, Apple şirkətinin M1 Max prosessoru performans baxımından Intel Core seriyasının modelləri ilə rəqabət apara və hətta Intel-in aktual flaqman prosessorunu bəzi hallarda geri qoya bilər. Beləliklə ortaya çıxmış məlumata əsasən M1 Max prosessoru Geekbench-in birnüvəli testində 1749 xal, çoxnüvəli testində isə 11.542 xal toplayıb.

    Bu cür test nəticələri ilə o, keçən ilki Apple M1 prosessorundan 65% güclüdür. Bununla yanaşı M1 Max çoxnüvəli test üzrə 8 nüvəli Intel Core i9-11900K prosessorunu 540 xal qabaqlayıb. Beləliklə M1 Max prosessoru Apple tarixinin ən yüksək performanslı prosessoru olub. Formal olaraq bu prosessoru yalnız 16 və ya daha çox nüvəyə sahib Intel Xeon əsaslı Mac Pro iMac Pro modelləri geridə qoyurlar. Qeyd etmək lazımdır ki, Apple hələ keçən il Intel prosessorlarından istifadədən imtina etmişdi. Nəticədə şirkət fərdi ARM prosessorunu yaratdı. 

Milli.Az