Gənc Tamaşaçılar Teatrında premyera - FOTO

22 Oktyabr 2021 14:47

Oktyabrın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yeni layihəsi olan "Bəbə səhnəsi"nin ilk tamaşanın premyerası baş tutub. Xalq nağılı "Qoğal"ın motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir. Tamaşada gənc aktrisalar Sabirə Abdullayeva və Hökümə Rəhimzadə rol alıblar.

Tamaşa nağıl estetikasında qurulub. Elə balaca tamaşaçıların gözü önündə açılan nağıl kitabının üzərində danışılan və göstərilən hadisə uşaqlar üçün maraqlıdır. Rejissor Elşad Rəhimzadə hesab edir ki, sənətlə lap erkən yaşlarında tanışlıq balacaların estetik zövqünün tərbiyə olunmasında son dərəcə vacibdir:  

"Çərçivə və sərhəd tanımayan teatr sənəti, dövrə, zamana uyğun, məkandan asılı olmayaraq yaşayıb inkişaf etməlidir. Cəmiyyətdə teatr təbliğatını aparmaq üçün tamaşaçıları kiçik yaşlarından teatra cəlb edərək, onların düşüncələrinə təsir etmək vacibdir. Bu niyyətlə, Gənc Tamaşaçılar Teatrında yeni yaranan "Bəbə səhnəsi"ndə  balacalar üçün nağıllar və hekayələr əsasında, qədim teatr növlərindən Kukla, Maska və Maket janrlarının əsasında tamaşalar təqdim etməyimiz faydalı olacaq. Düşünürəm ki, gələcəkdə Azərbaycan teatrlarına böyük bir tamaşaçı kütləsinin yaranmasında bu eksperimental tamaşaların rolu böyük olacaq. Müasir texnologiya dövrü olmağına baxmayaraq, canlı ünsiyyəti özündə qoruyub saxlayan yeganə vasitə teatrdı. Rənglərin, nağılların sehrli aləminə həm balacaları, həm də onların analarını dəvət edirik."

Qeyd edək ki, tamaşanın rəssamları Şahin Hüseynli və Pərvanə Məmmədlidir.

Milli.Az