Allah bəndəsinin dua etməsini sevər

26 Oktyabr 2021 22:10

Dua - insanı Allaha yaxınlaşdıran və qəlbi saflaşdıran əməllərdəndir ki, hər bir insan onu yerinə yetirməyə qadirdir. Allah Təala bəndəsinin münacatını və dua etməsini sevər. Ancaq yaxşı olar ki, insan duanı özü oxusun, nəinki eşitməklə kifayətlənsin.

Allah duanı hər bir bəndəsinin dilindən eşitmək istəyər. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: "Allahın fəzlindən istəyin ki, O, bəndəsinin istəməyini sevər".

İmam Sadiq (ə) buyurur: "Allah bəndəsinin qəlbində olanları bilir, ancaq sevir ki, bəndələrinin ehtiyacı dərgahına təqdim edilsin".

O kəs ki, dua edər, Allahla dərdləşər və ona sirlərini, çətinliklərini deyər. Onunla bölüşər və söhbət edər. Yəni, bu insan bəndəlik məqamını dərk edər. Hər kim bəndəlik edər, Allah Təala ona diqqət edər. Necə ki, Allah Təala Quranda buyurur ki, əgər sizin dualarınız olmasaydı, Allah sizə diqqət etməzdi. Bu cür ayələrə əsasən, dua insanın dəyər meyarını müəyyən edir və Allaha olan diqqətinin ölçüsünü qərar verir. Ona görə də yaxşı olar ki, hər bir bəndə öz dili ilə dua etsin, onu eşitməklə kifayətlənmək insanı bəndəlik məqamına çatdırmaz.

Duanın ədəblərindən biri budur ki, insan ağlayaraq, ah-nalə edərək dua etsin. Allah Təala bəndələrinin bu halını sevir. Ola bilər ki, insan dua eşidən zaman da ağlasın və nalə çəksin. Ancaq müqəddəs dinimizin bizdən istədiyi budur ki, hər kəs öz dili ilə dua etsin və duanın savabları da məhz həmin şəxsə çatar.

Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman Allah Təala bəndəsini sevər, onu giriftar edər ki, inilti səsini eşitsin".

Beləliklə, deyə bilərik ki, əgər insan duanın savabına çatmaq istəyirsə və heç bir üzrü yoxdursa, öz dili ilə dua etsin və özü xəlvətdə Allahı ilə münacat etsin. Yəni, sadəcə başqlarının dua oxuması ilə kifayətlənməsin. Lakin əgər dua oxumağa imkanı yoxdursa, misal üçün sürücülük edirsə, onu eşitmək belə, insana çox sayda savablar gətirə bilər. Dua insanın Allahla mənəvi rabitə qurmasına səbəb olar.

Dua ibadətdir və ona görə də başqa ibadətlər kimi hər kəs onu özü yerinə yetirib, şərtlərinə riayət etməlidir. Hər bir ibadət kimi dua ibadəti də eşitmək deyil, əməl etməklə öz təsirini göstərə bilər.

Milli.Az