Xoşbəxtlik əldə etməyin yolunda 12 dayaq nöqtəsi

26 Oktyabr 2021 22:50

Qurani-Kərim bizlərə xoşbəxt olmağın açarını təqdim etmişdir ki, hər kim onu əldə edər, xoşbəxtlik qapısını aça bilər. Allah Təala Quranda 40 dəfəyə yaxın xoşbəxtlikdən söhbət açmışdır. Bizlərə onu necə əldə edə biləcəyimizin yollarını göstərmişdir.

Bu yollara nəzər salaq:

1. İman. Quran ayələri xoşbəxtliyin sirlərindən birini iman kimi tanıdır. "Məhz onlar (Qur'anın hidayətindən qabaq) Allahları tərəfindən (fitri və əqli) bir hidayətdədirlər və nicat tapanlar da onlardır (və Qur'an onları bu məsələlərin arxasınca gələn kamilliklərə hidayət edir. Bu işləri inkar edən kəslərə isə müsbət təsir göstərmir)". ("Bəqərə" 5).

"Həqiqətən (İslamın əqidə əsaslarına) iman gətirənlər nicat tapdılar (sanki onlar artıq axirətdə əməllərinin bütün mükafatlarını alıblar)". ("Muminun" 1).

2. Əmr-be-məruf və nəhy-əz-munkər. Quranın nəzərinə görə cəmiyyət o zaman xoşbəxt ola bilər ki, bu İlahi vacibatı yerinə yetirər."Gərək sizdən (aranızda) (insanları) xeyir işə dəvət edən, yaxşı işə buyuran və pisliklərdən çəkindirən bir dəstə olsun. Məhz onlardır nicat tapanlar!". ("Ali-İmran" 104).

3. Sağlam alış-veriş. O kəs xoşbəxt ola bilər ki, ticarəti halal olar və halal yolla ruzi qazanar. "Ey iman gətirənlər, artıq və bir neçə qat gəlir olan sələmi yeməyin və Allahdan qorxun, bəlkə nicat tapasınız". ("Ali-İmran" 130).

4. Səbir. Xoşbəxtlik - rahat əldə oluna bilən hədəf deyildir. Ona çatmaq üçün səbir etmək lazımdır. "Ey iman gətirənlər, səbirli olun və başqalarını da səbrə sövq edin, düşmən qarşısında müqavimət göstərin, sərhədin keşiyində durun və Allahdan qorxun, bəlkə nicat tapdınız". ("Ali-İmran" 200).

5. Sağlam yemək. Quranın nəzərinə görə şərab içmək və qumar oynamaq - insanın xoşbəxtlik yolunu bağlayar. "Ey iman gətirənlər, həqiqətən şərab, qumar və asılmış bütlər(ə ibadət etmək, onlar üçün qurban kəsmək və həmin qurbanın ətindən yemək) və qumardakı püşk oxları nəcis və murdardır və şeytanın ixtiralarındandır. Buna görə də onlardan çəkinin, bəlkə nicat tapasınız". ("Maidə" 90).

6. Pis cəmiyyətlə eyni rəngdə olmamaq. "De: "Murdarların çoxluğu səni təəccübləndirsə də, murdarla pak (istər insanın ruhiyyəsində olsun, istərsə də onun əqidə, əxlaq və əməlində) əsla bir deyildir". Odur ki, ey ağıl sahibləri, Allahdan qorxun, bəlkə nicat tapdınız". ("Maidə" 100).

7. Səy və çalışma. "Lakin Allahın Peyğəmbəri və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlardır (iki aləmin) yaxşılıqların(ın) sahibləri və onlardır nicat tapanlar!". ("Tövbə" 88).

8. Həya və iffət. "Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız". ("Nur" 31).

9. İtaət etmək. "Möminlər (mövcud ixtilaf və çəkişmə barəsində) aralarında (peyğəmbərin) hakimlik etməsi üçün Allaha və Onun Peyğəmbərinə tərəf çağırıldıqları zaman onların sözləri yalnız "eşitdik və itaət etdik" olar. Həqiqi nicat tapanlar onlardır". ("Nur" 51).

10. Yoxsulları düşünmək. "Qohumların, fəqirin (miskinin) və (pulu qurtarıb) yolda qalan kəsin haqqını ver. (Yaxın qohumlarının yaşayış xərcini, Peyğəmbərin yaxın qohumlarına (məsumlara) ənfal və xümsü, yoxsullara zəkatı, yolda qalan kəslərə zəkat və xumsu ver). Bu (cür xərcləmək) Allahın razılığını istəyənlər üçün daha yaxşıdır və səadətə qovuşanlar onlardır". ("Rum" 38).

11. Tövbə etmək. "Lakin (küfr və günahdan) tövbə edib, iman gətirən və yaxşı işlər görən kəsə gəlincə isə, onun nicat tapanlardan olmasına ümid vardır". ("Qəssə" 67).

12. Fədakarlıq. "(Əsl) sadiqlər elə bunlardır. Həm də (ənsardan) o kəslər üçündür ki, hicrət və iman evini (Mədinə mühitini) özü üçün yurd seçib, onlara tərəf hicrət edənləri sevər, onlara (mühacirlərə) verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olduqları halda onları özlərindən üstün tutarlar. Nəfsin xəsisliyindən qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapanlardır". ("Həşr" 8-9). Yəni, başqalarının çətinlikləri sənin üçün özünün çətinliklərindən daha mühüm olar.

Milli.Az