Qonşu qonşu olsa... - VİDEO

22 Oktyabr 2021 16:24

Qonşu haqqı axirət haqqıdır deyib atalar. Amma, izlədiyiniz bu görüntülərdən sonra, açığı, hansısa haqq-ədalətdən danışmağa söz qalmır. Elə həyətə daxil olmuşduq ki, bu hay-küyün şahidi olduq. İlk baxışdan burada hansı problemin hökm sürdüyünü ayırd eləmək olduqca çətin məsələdir. Çünki sakinlər elə bir-birindən gileylənir, konkret olaraq problemdən söz açmırdılar. Xülasə, xeyli müddət sonra agah olduq ki, qapıbir, elə həyətləri də bir olan 2 qonşu düz 16 ildir, bir-birinə qənim kəsilib. Onların probleminin kökü isə bu hasara gedib söykənir. Deməli belə, 1 əsrdən çox yaşı olan bu binada həyət kimi istifadə olunan ərazi var. Bizə müraciət edən Svetlana xanımın dediyinə görə həmin həyət qonşusu Həcər Nəbiyeva tərəfindən zəbt edilib. Hələ bu az imiş kimi, qonşu o boş sahədə tikinti işləri də aparmaq istəyir. Şikayətçi deyir ki, evimin pəncərələri həmin o həyətə açılır. İndi isə orada tikinti işləri getdiyindən Svetlana xanım pəncərəni aça bilmir. Havasızlıqdan əziyyət çəkən şikayətçi görülən işlərdən sonra evin toz-torpağın içində olmasından da gileylənir. Amma bu da problemin hamısı deyil. Svetlana İmanova onsuz da sabaha ümidi qalmayan bu binanın düz yaxınlığında qazıntı işlərinin görülməsinin gələcəkdə onun uçmağına gətirib çıxaracağını deyir.

Onu da qeyd edək ki, digər qonşular birmənalı olaraq Svetlana İmanovanın şər-böhtan xarakterli fikirlər səsləndirdiyini və onunla razılaşmadığını deyirlər. Məsələdə ittiham olunan qarşı tərəfin, yəni Həcər Nəbiyevanın da fikirlərini öyrəndik. Həcər xanım mövcud problemin yaxın zamanda aradan qalxacağına söz verir. Amma, qonşusunun səsləndirdiyi fikirlərlə qətiyyən razılaşmır. Razılaşmadığı halda hansı problemi aradan qaldıracaq. Bax, belə bir ziddiyyətli hal.\

Məsələ ilə bağlı ərazidən cavabdeh qurum olan Sabunçu rayon 69 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə əlaqə saxladıq. Səlahiyyətli şəxs Salman Məmmədov deyir ki, əraziyə dərhal əməkdaşlarımız tərəfindən baxış keçirilib və məlum olub ki, orada heç bir tikinti işi aparılmır.

Nə deyirik, təki elə olsun. Bizim istəyimiz də odur ki, problem qısa zamanda öz həllini tapsın. Qonşulara isə bundan sonra problem və söz-söhbətdən uzaq bir həyat arzu edirik. Amma, bu arzunun reallaşacağına da bir az tərəddüd edirik.