Ermənistan qarabağlı ermənilərdən imtina edir

24 Oktyabr 2021 10:22

Ermənistan hakimiyyətində revanşizm və şovinizm hissləri nə qədər güclü olsa da, baş nazir Nikol Paşinyanın komandası ölkənin durumunu qismən də olsa, anlayır və fəlakətli dövrün başa çatmasına çalışır.

Məhz bu səbəbdən hələ ötən il səslənməsi və açıqlanması tamamilə mümkünsüz olan bəyanatlar İrəvandakı isteblişmentin dilindən səslənir, onların bəyanatlarında və açıqlamalarında yer alır.

Paşinyanın başçılıq etdiyi "Vətəndaş Müqaviləsi"nin parlament fraksiyasından olan deputatlar artıq açıq şəkildə bildirirlər ki, "Miasum" və "Qarabağ Ermənistandır" şüarları tarixi anaxronizmə, geosiyasi reliktə çevrilməkdədir.

Onların dediklərinə görə, Ermənistanın son 30 ildə məruz qaldıqları bəlaların, problemlərin, faciələrin və uğursuzluqların başlıca səbəbi məhz Qarabağ problematikasıdır.

Buna görə də - Paşinyanın fraksiyasından olan deputatlar deyirlər - Ermənistan inkişaf etmək, dirçəlmək və Cənubi Qafqazdakı transregional, beynəlxalq layihələrə qatılmaq istəyirsə, "Qarabağ problemi" adlı idefiksi, ballası unutmalıdır.

Nikol Paşinyan və komandası erməniləri son 100 ildə beyinlərinə hakim olan, erməniliyin mənhus ideologiyasının əsas məqamlarından birini təşkil edən "Artsax bizimdir" marazmından əl çəkməyə çağırırlar.

Rəsmi İrəvan ölkə sosiumunun mövqelərini yoxlamağa çalışaraq "Əsas məqsədimiz Qarabağ yox, Ermənistandır!" şüarını gündəmə gətirib.

Nikol Paşinyan hələ söyləmsə də, rəsmi İrəvanın yenilənən mövqeyi və siyasəti belədir: "Qarabağın Ermənistana bağlı olması, yaxud Ermənistan ərazisi olmasından söhbət belə, gedə bilməz. Sadəcə, bundan sonra danışıqlar Qarabağdakı ermənilərin təhlükəsizliyinin təminatı ilə bağlı ola bilər".

Sosial şəbəkələrin erməni seqmentində bu məsələ artıq geniş müzakirə mövzusudur.

Erməniləri pərişan edən digər məqam isə son vaxtlar yaşanan insidentlər və həmin olaylara verilən reaksiyalardır.

Ağdərədə erməni traktorçunun qətlə yetirilməsindən sonra Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin fəaliyyət-nəzarət ərazisində qanunsuz erməni silahlı birləşmələrdən birinndəki snayperin Azərbaycan Ordusunun 19 yaşlı əsgərini vurması, əsgərimizin şəhid olması situasiyanı xeyli gərginləşdirdi.

Daha sonra ermənilərin postlarından birindəki atışma, həmin atışmada 3 erməni hərbçinin həlak olması, 6 nəfərin də yaralanması olayların inkişaf məcrasını dəyişdi, əsəblər tarıma çəkildi.

Rəsmi Bakı traktorçunun qətlinin və postdakı atışmanın ermənilərin öz "fəaliyyət məhsulu" olduğunu bəyan etdi.

Zatən də, belə idi.

Və məhz həmin dönəmdə rəsmi İrəvanın davranışında, mövqeyində və niyyətlərindəki "yenilik" aşkarlandı.

Belə ki, Ermənistanın Müdafiə Nazirliyi əvvəlki dönəmlərdən fərqli olaraq, bu dəfə çox amorf, "dişsiz" bəyanat yayaraq "baş vermiş hadisənin ciddi araşdırılmasına və günahkarların cəzalandırılmasına ehtiyac duyulduğunu" vurğuladı.

Təxminən eyni məzmunlu bəyanatı Ermənistanın Xarici İşlər Nazirliyi də yaydı və işini bitmiş saydı.

Daha sonra Ermənistanın Müdafiə Nazirliyi atışma olan postun Azərbaycan tərəfdən atəşə tutulması barədə iddiaları rədd etdi.

Sadəcə, hələ Ermənistanın sabiq prezidenti Serj Sarqsyan dönəmində ölkə ombudsmanı postuna təyin olunan və hələ də o vəzifədə çalışan Arman Tatoyan ampluasına sadiq qalaraq isterik bəyanatlar yaydı, ölkə rəhbərliyini radikal addımlar atmağa çağırdı.

Vəssəlam.

Görünən budur ki, Bakı və İrəvan Cənubi Qafqazdakı yeni regional geosiyasi konfiqurasiyalarla bağlı mövqelərini bəlirləyiblər. Daha doğrusu, 44 günlük Vətən Müharibəsi nəticəsində Bakının bərqərar etdiyi yeni reallıqları İrəvan artıq qismən də olsa, qəbul etməyə başlayır.

MDB ölkələrinin dövlət və hökumət başçılarının son sammitində Nikol Paşinyanın ilk dəfə olaraq "Azərbaycan Ermənistan ərazisindən keçmək şərtilə yalnız dəmiryol yox, həm də avtomobil yolunu əldə edəcək" söyləməsi bəhs etdiyimiz məqamlara dəlalət edən açıqlamadır.

Səbəblər çoxdur, amma onların arasında ən əsası və başlıcası qarabağlı ermənilərin indiki durumudur.

44 günlük Vətən Müharibəsindən sonra qarabağlı ermənilər 28 il işğalda olmuş ərazilərin total əksəriyyətini itiriblər. Hazırda rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərdə yaşayan qarabağlı ermənilər onları gələcəkdə heç bir yaxşı, normal perspektivin gözləmədiyinin fərqindədir.

Həmin ermənilər eyni zamanda, iqtisadiyyatı çökmüş Ermənistan üçün ağır əlavə yükdür.

Çünki Ermənistanın dəstəyi və yardımları olmadan qarabağlı ermənilərin yaşamlarını nisbətən də olsa, təmin etmələri mümkün deyil.

İrəvan onun üçün dibi görünməyən "qara dəlik"ə çevrilmiş qarabağlı ermənilərdən qurtulmaq istəyir, amma bunu necə edəcəyini hələ dəqiq anlamır.

Siyasi, iqtisadi və s. baxımdan olan səbəblər, habelə məqamlar İrəvana seçim yolu qoymayıb: Ermənistan mümkün qədər tez müddətdə qarabağlı ermənilər adlanan "kor bağırsaq"dan qurtulmağa, Qarabağdakı ermənilərin təhlükəsizliyinin təminatı ilə bağlı Rusiyadan müvəqqəti də olsa, təminat alandan sonra həmin yükü Azərbaycanın üzərinə atacaq.

Hadisələrin belə inkişaf məcrası tərəflərin hamısını təmin edir.

Azərbaycanı, Ermənistanı və Rusiyanı.

Elçin Alıoğlu
Milli.Az