Cinlərin də arasında möminlər vardırmı?

23 Oktyabr 2021 23:55

Cin, adından göründüyü kimi, bir mövcuddur ki, Quranda onun haqqında çox sayda ayələr gəlmişdir.

1 - "Və cini də tüstüsüz oddan yaratdıq". ("Ər-Rəhman", 15)

2 - "Elmə, idraka, batili haqqdan ayırmağa və məntiq qüdrətinə malikdirlər". ("Cinn" surəsinin müxtəlif ayələri)

3 - "Təklif və məsuliyyətə malikdirlər". ("Cin" və "Ər-Rəhman" surələrindən)

4 - "İnsanlardan bəzi şəxslər cinlərdən bəzi kimsələrə sığınırdılar və bununla da onların azğınlıqlarını artırırdılar". ("Cinn" surəsi, 6)

5 - "Onların arasında elələrinə rast gəlmək olur ki, güclü qüdrətə malikdirlər, belə ki, insanların arasında olduğu kimi. Və onlardan biri Süleymana deyir: "Cinlərdən olan bir ifrit dedi: "Sən yerindən qalxmamış mən onu sənə gətirərəm. Mən bu iş üçün çox güclü və etibarlıyam"". ("Nəml" surəsi, 39).
6 - "Süleymana da küləyi ram etdik ki, səhər gedişi bir aylıq və axşam dönüşü də bir aylıq yol idi. Və onun üçün mis çeşməsini əridib-axıtdıq, cinlərdən də bir dəstə Rəbbinin izni ilə onun əli altda işləyirdi və onlardan hər kəs bizim əmrimizdən çıxırdısa, alovlu əzabdan ona dadızdırardıq". (12). "Onlar Süleyman üçün nə istəsəydi - mehrablar, heykəllər, böyük hovuzlara bənzəyən qablar və yerdə bərkimiş qazanlar düzəldirdilər. Ey Davudun ailəsi! Şükür edin! Və Mənim bəndələrimdən şükür edəni azdır". ("Səbə" surəsi, 13).

7 - "Və ondan əvvəl cini də alovdan düşmüş oddan yaratdıq". ("Hicr" surəsi, 27)

"Cinn" surəsinin 11-14-ayəsində bildirilir: "Həqiqətən, bizdən əməli saleh olan da vardır, əməli saleh olmayan da. Biz müxtəlif firqələrə ayrılmışıq". (11). "Biz bilirik ki, ki, yer üzündə Allahı əsla aciz edə bilməyəcəyik: qaçmaqla da əsla Onu sarsıda bilməyəcəyik". (12). "Həqiqətən, biz hidayət (kitabını) eşitdiyimiz zaman ona iman gətirdik. Kim Rəbbinə iman gətirsə, nə (əcrinin) azalmasından qorxar, nə də haqsızlıqdan". (13). "Şübhəsiz ki, bizdən müsəlman olan da var, bizdən yoldan çıxan da vardır, müsəlman olanlar hidayət tapanlardırlar". (14).

Bu ayələrdən göründüyü kimi, cinlər heç də avam insanlar arasında məşhur olan "bizdən üstün" məxluq deyillər. Düzdür, onlar bizdən əvvəl oddan yaradılmışdılar, ancaq bütün İlahi Peyğəmbərlər (ə) məhz insanlar arasından seçilmişdir və onlar da İslam Peyğəmbərinə (s) iman gətirmiş və ona beyət etmişdilər. Allah insanı cindən üstün bilməsəydi, şeytana ona səcdə etməsini əmr etməzdi.

Bu mövcud haqqında məlumatların az olduğu üçün məlumatsız insanlar arasında bəzi yanlış təsəvvürlərə gətirib çıxartmışdır. Ona görə də məlumat azlığından xurafatlar çoxalmışdır. Bu xurafatlar heç də ağlabatan deyildir. Belə ki, cin adı gələndə qərib, əcib, dəhşətli bir mövcud təsəvvür olunur ki, pis rəftarlı, kinlidir, insanlara ancaq zərər vurur.

Müasir texnikanın inkişaf etmədiyi vaxtlarda elm deyirdi ki, hər nə ki, gözlə görülmür və təcrübə olunmur - o, mövcud deyildir. Lakin, indi ki, bir damcı suda yaşayan minlərlə canlını aşkar edən mikroskoplar onu göstərir ki, insanın duyma orqanları çox məhduddur. Yəni, insanın görmədiyi, eşitmədiyi və dərk etmədiyi varlıqlar sonsuzdur.

Bu ayələrdə göründüyü kimi, mömin və əməlisaleh cinlər vardır. Ayələr onların dili ilə danışaraq, bizə onlar haqqında məlumat verir. Belə ki, ayələrdən göründüyü kimi, cinlərin içərisində salehlər və fasidlər vardır və onlar müxtəlif qrup şəklindədirlər. Yəni, cin dedikdə təkcə onun şeytan və iblis olduğunu fikirləşməyək, çünki bu mövcudatların möminləri və əməlisalehləri, Quran oxuyanları da vardır. Allah onların dili ilə bizə bildirir ki, bu mövcudatlar ancaq şər qüvvə deyillər.

Bunu da nəzərə almaq lazımdır ki, cin kəlməsi böyük bir məfhumdur və müxtəlif gözə görünməyən mövcudatları əhatə edir. Onların bəzilərinin şüuru yoxdur, bəzilərinin isə vardır. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: "Allah cinləri beş sinif yaratmışdır: bir sinif havada olan külək kimidir, bir sinif ilan kimidir, bir sinif əqrəb kimidir, bir sinif yerdə olan həşərat kimidir və nəhayət, sonuncu sinif insan kimidir ki, onlardan hesab soruşulacaq".

Bu hədisə diqqət etsək, başa düşərik ki, cin haqqında olan bəzi anlaşılmamazlıqlar həll olmuş olur. Belə ki, Həzrət Əli (ə) buyurur: "Qabın sınıq yerindən və onun tutacağından su içməyin, çünki şeytan tutacaqda və sınıq yerlərdə oturar".

Deməli, cin dedikdə bəzi hallarda mikroblar da nəzərdə tutulur. Və başqa sinfi ki, Peyğəmbərimiz (s) onların da insanlar kimi məsuliyyət daşıdığını söyləyir, deməli şüura malik olanlarıdırlar.

Ancaq bununla yanaşı, onlar zalım cinlərin də olduğunu qeyd edirlər və onların cəhənnəmlik olacaqlarını deyirlər. Belə ki, bildiyimiz kimi, iblis özü də bir cindir, ancaq əməlisaleh deyil, əksinə insanlara daim əzəiyyət və zülm edəcəyinə söz verən bir cindir.

Beləliklə, belə nəticəyə gələ bilərik ki, hətta cinlər belə Peyğəmbərimizə (s) iman gətirərək, onun sünnətinə əməl edir və əməlisaleh olmağa çalışırlar. Onda məsuliyyət sahibi olan, boyunlarında təklif olan, ali varlıqlar sayılan biz insanlar niyə əməlisaleh olmayaq və imanımızı Müqəddəs Quranın və hədislərin vasitəsilə gücləndirməyək ki, Qiyamət günü cinlərdən və başqa varlıqlardan öndə olaq?! İnşəallah!

Milli.Az