Yoluxanların sayı daha da artdı - Məktəblər yenidən bağlanır?

20 Oktyabr 2021 00:25

"Güman etmirəm ki, yoluxma sayında ciddi bir alovlanma olsun, amma xəstələnmə sayı artır, uşaqlar arasında da geniş yayılmaqdadır. Bu səbəbdən bəzi məktəblər bağlanıbdır".

Bunu Milli.Az-a açıqlamasında ATU-nun Tədris Cərrahiyyə Klinikasının Yoluxucu xəstəliklərə nəzarət şöbəsinin müdiri Sədrəddin Atakişiyev deyib.

Həkim bildirib ki, yaza doğru koronavirusla vidalaşacağıq:

"Koronavirus uşaqlar arasında ciddi bir fəsad törətmir. Onlarda ağırlaşma və ölüm faizi çox aşağıdır, çox nadir rast gəlinir. Ona görə, təhlükəli bir halla qarşılaşacağımızı gözləmirəm. Ümidvaram ki, yoluxma sayı azalacaq. Amma şagirdlər yoluxub, evdə valideyinlərini də yoluxdura bilirlər. Ona görə ehtiyyatlı olmaq lazımdır ki, hərarəti, narahatçılığı olan uşaqlar izolyasiya olunsun, təcrid olunsun və müəyyən bir müddətdə onlardan hava damcı yolu ilə infeksiyanın yoluxmasının qarşısını alınsın. 

Yoluxma sayının artmasının səbəbi kontaktların çoxalması ilə əlaqədardır: Məktəblər açılıb, restoranlar fəaliyyət göstərir və s. Amma müəyyən bir müddətdən sonra azalmaya meyillilik olacaq və yaza doğru koronavirusla vidalaşacağıq. 

Havalar soyuduqca fəsli qripin də mövsümüdür. Bu vəziyyətdə hava-damcı infeksiyaları, eləcə də qrip artmaqda davam edir. Koronavirus da hava-damcı yolu ilə yoluxan bir infeksiyadır. Orqanizm, immun sistemi zəiflədikcə bu yoluxma halları da artır. Belə olan halda qoruyucu maskaların istifadəsi həm qrip viruslarının, həm də koronavirusun yayılmasının qarşısını alır. Ona görə də profilaktik tədbir olaraq qoruyucu maskaların istifadəsi hələlik mütləqdir.

İndi virusun ayrı-ayrı ştammlarına rast gəlməyimizə baxmayaraq, zəifləyib. COVİD-dən əvvəllər daha çox ağırlaşmalar olsa da, indi ağırlaşmalar nisbətən azdır. Bu gedişlə virus zəifləyib-zəifləyib, vaxt keçdirkcə aramızdan çıxacaq". 

Təhməz Əsədov
Milli.Az