Qarabağın hava qapısı - VİDEO

19 Oktyabr 2021 14:16

Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən sonra Azərbaycan müəyyənləşdirilmiş strategiyaya uyğun olaraq bu ərazilərdə yenidənqurma və bərpa işləri həyata keçirir.

Milli.Az REAL TV-yə istinadən xəbər verir ki, bərpa halqasının əsas hissəsini isə Füzuli təşkil edir. Bunun əsas səbəbi rayonun Cəbrayıl, Zəngilan və Zəngəzur dəhlizindən keçməklə Naxçıvana gedən yolun üzərində yerləşməsidir. Bu isə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək strateji bir yoldur.

Füzulidə "Ağıllı kənd" konsepsiyası əsasında inşa olunacaq Dövlətyarlı kəndinin təməli qoyulub. Beş kəndi birləşdirən bu layihə, gələn ilin sonuna qədər tikilib, sakinlərin sərəncamına veriləcək. Birinci mərhələdə 450, daha sonra isə 300 evin tikintisi nəzərdə tutulan yaşayış məntəqəsi, Füzuli rayonunda ilk yaşayış mərkəzi olacaq. Qeyd edək ki, urbanizasiya prosesini tənzimləmək, kəndlərin boşalmasının qarşısını almaq üçün Avropanın ən inkişaf etmiş ölkələri ağıllı kənd mexanizmlərini tətbiq edir.

Füzuli şəhərinin yeni baş planına uyğun olaraq hava limanı da daxil olmaqla ərazisi 1936 hektardır. 2040-cı ildə isə şəhərin əhalisinin 50 min nəfər olacağı planlaşdırılır.

Milli.Az