Risksiz həyatın sığortası - VİDEO

18 Oktyabr 2021 13:14

Mərkəzi Bank Azərbaycanda mövcud olan böyük sığorta potensialını reallaşdırmaq niyyətindədir. İlkin hesablamalara görə bu sektorda gerçəkləşdirilməsi mümkün sayılan böyük potensial var.

Bu məqsədlə Azərbaycan Mərkəzi Bankı, İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən birgə maarifləndirmə layihəsi həyata keçirilir. Azərbaycan Mərkəzi Bankının Sığorta Fəaliyyətinə Nəzarət departamentinin direktoru Vüsal Qurbanov Real TV-yə müsahibəsində bildirib ki, layihədə əsas məqsəd həm Azərbaycan biznesi, həm də sadə vətəndaş üçün risklərin təsirini maksimum yumşaltmaqdır:

"Risk almaq hər zaman uğurlu yekunlarla nəticələnmir. Gündəlik həyatımızda müxtəlif risklərlə üz-üzə qalırıq. Gözlənilmədən baş verən qəzalar, təbii fəlakətlər, yanğın hadisələri böyük maddi və mənəvi sıxıntılara səbəb olan maddi itkilərlə nəticələnir. Bu halların baş verməsi zamanı bu maliyyə itkilərinin yenidən bərpa edilməsi bəzi hallarda mümkünsüz olur. Xoşagəlməz bu halların qarşısının alınması məqsədi ilə bəlli bir müdafiə mexanizmi mövcuddur. Bu mexanizm sığortadır".

Mərkəzi Bank təmsilçisinin sözlərinə görə, biznes və vətəndaşlar sığorta vasitəsi ilə mümkün riskləri sığorta şirkətlərinin üzərinə yönəldə bilərlər:
 

"Baş verə biləcək maliyyə itkilərinin həcminə və məblğəğinə nəzərən daha kiçik bir sığorta haqqı ödəməklə vətəndaşlarımız sığorta təminatı ala bilərlər və özlərini sığortalaya bilərlər. Sığorta təminatı almaqla, maliyyə itkilərinin, yəni bu hallar nəticəsində yaranan maliyyə itkilərinin səbəblərindən irəli gələn narahatçılıqlar da aradan qalxmış olacaq".

Vüsal Qurbanov bildirir ki, Mərkəzi Bank sığorta sektorunun inkişafı üçün bir neçə layihə həyata keçirməkdədir:

"Bunlardan biri sığorta sahəsində maarifləndirmənin həyata keçirilməsi, sığorta üzrə təbliğat-təşviqat işlərinin aparılmasıdır. Bu layihəmiz çərçivəsində əhaliyə və biznesə mövcud olan risklər və onlara adekvat sığorta təminatları haqqında ətraflı məlumatlar veriləcək və bu silsilə tədbirlər uzun müddət davam edəcək".

Təbii ki, postsovet ölkələrinin əksəriyyəti kimi elə bir ciddi sığorta ənənəsi olmayan Azərbaycanda ilk öncə sığorta mədəniyyəti formalaşdırılmalıdır. Əksər ekspertlər ölkədə sığorta ənənəsinin formalaşması, vətəndaşlarda və biznesdə sığortaya inamın yaradılması üçün icbari sığortanın bütün mümkün potensialından istifadə etmək lazımdır. İcbari sığorta vasitəsi ilə sığortanın faydasını görən vətəndaş, daha sonra könüllü sığorta növlərindən də yararlanacaq:

"İcbari sığorta növləri dünya təcrübəsində də lokomotiv olub hər zaman. Mən əminəm ki, bu növ ölkəmizdə də könüllü sığortaların inkişafına ciddi təkan verəcək. Çünki adından göründüyü kimi, bunlar məcburi növdür. Məcburi növün olması bütün vətəndaşların sığorta ilə tanış olmasına səbəb olur. Bu növ məcburi olduğu üçün insanlar artıq bu növ təminatı alırlar. Kütləvi şəkildə, məsələn, avtonəqliyat vasitələrində milyonlarla sığorta satılır ildə. Bu da milyonlarla vətəndaşın tanış olması deməkdir sığorta ilə".

Rəşad Əhmədov icbari sığorta ilə könüllü sığorta arasında əsas fərqi də göstərir:

"İcbari sığorta ilə könüllü sığorta arasında fərq ondan ibarətdir ki, bunlarda biri məcburi xarakter daşıyır. Qanunla tənzimlənir. Könüllü sığortalar isə sığorta şirkəti ilə müştəri arasında bağlanan müqavilə əsasında tənzimlənir. İcbari sığortadan gedirsə söhbət, icbari sığortada qanunvericilik çərçivəsində müvafiq icazəsi olan və bizim ölkəmizdə - Azərbaycanda icbari sığorta bürosunun üzvü olan sığorta şirkətləri icbari sığorta ilə bağlı gələn müraciətlərə, yəni müştərilərin tələblərinə yox deyə bilməzlər. Elə bir səlahiyyətləri yoxdur. Əgər müştəri sığorta təminatı tələb edirsə, icbari sığorta məhsulu ilə əlaqədar tələbi varsa, bu halda sığorta şirkəti mütləq şəkildə bu təminatı müştəriyə verməlidir".

İcraçı direktorun potensial müştərilərə bu müraciəti səbəbsiz deyil:

"İcbari sığorta qanunla tənzimlənir və ümumiyətlə dünya təcrübəsində də bu cür məcburi xarakter daşıyan sığortaların məcburi olmasının arxasında bir səbəb var - mühüm risklərdən qoruyur və önəmli ölçüdə sosial yönümlü bir sığorta təminatlarıdır, icbaridir. Bunun üçün də icbaridir. Bunun könüllük əsasında yox, çıxarılan qanunlarla vətəndaşlar bu növlərin alınmasına məcbur edilir. Qanunun imperativ tədbiri ilə".

Rəşad Əhmədov vətəndaşların risklərdən qorunması baxımından çox faydalı olan icbari sığorta növlərini sadalayır. Bunların sırasında avtomobil nəqliyyatı vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının; əmlakın icbari sığortasının; əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortasının adını çəkir. Bu növlər həm sığortalanan müştərinin özünə dəyən, həm üçüncü şəxsə dəyən zərərin sığorta şirkətləri tərəfindən ödənilməsi baxımından çox faydalıdır. O, nümunə əsasında, istehsalatda bədbəxt hadisələrdən və peşə-əmək qabiliyyətinin itirilməsindən sığortalamanı isə xüsusi önəmli sayır:
 

"2020-ci ildə və 2021-ci ildə baş vermiş hadisələr var və ödənilmiş böyük sığorta ödənişləri var. Mən bir rəqəmi tələffüz etmək istərdim. Yaxın keçmişdə sığorta şirkəti yalnız bir nəfəri ölümü ilə əlaqədar varislərə ödəniş həyata keçirib. Bu, kiçik bir rəqəm deyil, elə bir sahibkar ola bilər ki, sığoralamadığı üçün 250 min manatı özü ödəmək məcburiyyətində qala bilər. Bu rəqəmi ödəmək iflasa belə səbəb ola bilər".

2020-ci ildə sığorta şirkətləri üçüncü şəxslər qarışsında məsuliyyətlə bağlı 60 milyon manata yaxın ödəniş ediblər. Sığorta şirkətləri toplanan sığorta haqlarının 60-65 faizi səviyyəsində ödəniş ediblər. Bu, 10 minlərlə vətəndaşın sığorta öədinişi ilə tanış olmasına səbəb olur. Bu işin sığortaya inamın təbliğ olunması baxımından rolu böyükdür, yəni insanlar artıq görürlər ki, sığorta ödənişləri edilir.

Millət vəkili Vüqar Bayramov da Real TV-yə müsahibəsində sığortanın vətəndaşları və biznesi risklərdən qorumaq baxımından çox faydalı olduğunu bildirir:

"Riskləri tənzimləmək, minimumlaşdırmaq üçün bu cün inkişafı etmiş ölkələrdə tətbiq edilən praktika məhz sığorta olunmaqdır. Biz hər birimiz sığorta olunmaqla, riskləri minimumlaşdıra bilərik. Çünki risklər gözlənilən deyil. Nəzərə alsaq ki, risklərin böyük bir qismi gözlənilməyən riskləridir. Sığorta əslində gözlənilməyən riskləri sığortalamaq məqsədi daşıyır".

Millət vəkilinin sözlərinə görə, bir az geniş miqyasda sığorta həm də iqtisadi baxımdan xərclərə qənaət edilməsi üçün faydalıdır:

"İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sığortadan istifadə etmək həm vəsaitlərə qənaət edilməsi baxımından faydalıdır, həm də yarana biləcək, amma fərdi vəsait hesabına ödənə bilməyəcək zərərin ödənilməsi baxımından faydalırıdır. Çüınki sığorta əslində aylıq, bəzi hallarda illik müəyyən vəsait ödənməsi anlanmına gəlir. Praktiki olaraq vətəndaş sığorta olunandan sonra aylıq olaraq gəlirin bir hissəsini, heç bə böyük olmayan hissəsini sığorta şirkətinə ödəyir. Amma aylıq, bir sıra hallarda rüblük, illik ödənişlər vətəndaşı gözlənilməyən böyük zərərlərdən qoruyur".

Millət vəkilinin sözlərinə görə, əgər hər bir Azərbvaycan vətəndaşı aylıq gəlirlərindən müəyyən vəsaiti sığorta olunmaq üçün, xüsusən həyat sığortası və digər könüllü sığorta növləri üçün yönəltsə, bu, əslində, onlar üçün vəsait itkisi deyil. Onları gözləyən, amma planlaşdıra bilmədikləri itkilərin ziyanların örtülməsidir.

Milli.Az