"Düşünmədiyimiz variantlara əl atırlar ki, bizi məğlub etsinlər" - Qurban Qurbanov

17 Oktyabr 2021 21:34

"Sona qədər mübarizə apardıq. Həddindən artıq istəkli idik. Komanda çoxdan idi ki, bir yerdə deyildi. Futbolçular əsas formasından bir az uzaq idi. Çoxlu qol imkanımız var idi. Rəqibi də təbrik edirəm, meydanda yaxşı mübarizə apardılar. Onlara uğurlar arzu edirəm".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 7-ci turunda "Sabah"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
 
O, millidən qayıdan futbolçuların ikinci hissə yorulduqlarını bildirib: "Buna görə Maksimi və Abbası əvəzlədik. Patriki də əvəzləmək istəyirdim.  Amma sonradan fikrimizi dəyişdik. Ümumi olaraq, bəzi texniki səhvlərimiz oldu. Bəzi dəqiqələrdə oyundan düşdük. Rəqib də çox istəkli idi. Yaxşı əks-hücuma çıxırdılar. 90 dəqiqə eyni tempi saxlamaq çətindir. Maraqlı oyun alındığını düşünürəm."
 
Q.Qurbanov Qara Qarayevin ehtiyatda qalmasının səbəbini də açıqlayıb: "Füzuli rayonunda idi. Düşərgəyə gec qoşulmuşdu. Zədəsi yoxdur. Yoldan gəldiyi üçün ehtiyatda saxladıq".
 
Baş məşqçi Konfrans Liqasınının qrup mərhələsinin növbəti turunda qarşılaşacaqları Qazaxıstan "Kayrat"ı haqda da danışıb. O, rəqibin tam fərqli oyun üslubu ilə çıxış etdiyini söyləyib:"Bəlkə də dəyişiklik edəcəklər. Bu gün futbolçulardan hücum etmək tələb olunurdu. Sadəcə, dəqiqlik çatmırdı. Futbolçularım çox istəkli idilər, "Kayrat"la matçda bizim bu istəyə ehtiyacımız olacaq. Rəqibi təhlil etdikdən sonra çalışacağıq ki, düz olanı edək.
 
O, ikinci hissədə meydana buraxdığı Ramil Şeydayevin oyuna çox yaxşı qoşulduğunu vurğulayıb: "Ondan çox razı qaldım. Son vuruşlarında dəqiqlik çatmadı. Əlbəttə, epizodlarda daha dəqiq olsa, yaxşı da alınar. Ramilə deyəcək bir söz yoxdur. Oyuna həddindən artıq yaxşı qoşuldu. İnanıram ki, o, bu komandada olduğu müddətdə yaxşılığa doğru gedəcək. Özü də məsuliyyətlidir, daha çox məşq edir. Belə futbolçulara hər zaman ehtiyac var. Futbolçunun işə yanaşması, nizam-intizamı çox vacibdir. Çatışmayan cəhətlərini də yaxşılaşdıracağıq".

Q.Qurbanov ilk dövrəni məğlubiyyətsiz başa vurmaqları və 15 oyundur uduzmamaqları bağlı isə deyib: "Bacarırıqsa, tələblərimiz daha çoxalır. Çalışacağıq ki, bu statistikanı qoruyub saxlayaq. Rəqiblər bizə qarşı daha ciddi hazırlaşır. Meydanda bizim düşünmədiyimiz variantlara əl atırlar ki, bizi məğlub etsinlər.

Milli.Az