Koronavirus bu ölkədə rəsmən “yoxdur”, amma 25 min adamı öldürüb... - VİRUSUN “MÖVCUD OLMADIĞI” 5 ÖLKƏ

17 Oktyabr 2021 14:52

Türkmənistan hakimiyyəti ölkədə bir dənə də olsun koronavirusa yoluxma faktını bu günə qədər təsdiqləməyib. Amma səhiyyə sistemindəki mənbələr bildiriblər ki, virus indiyədək ölkədə azı 25 min nəfərin ölümünə səbəb olub. Söhbət hələ gizli şəkildə rəsmiləşdirilən ölüm hallarından gedir, əslində isə koronavirusdan ölənlərin sayı daha çox ola bilər.

"Koronavirusdan ölüm ictimaiyyətə açıqlanmasa da, hər gün vilayətlərdən Səhiyyə Nazirliyinə bu haqda məlumat verilir", - mənbə "Azadlıq" radiosunun türkmən xidmətinə deyib.

 

Türkmənistan əhalisi 6 milyona yaxındır və dünyada koronavirusa yoluxmaların olmadığını bildirən azı 5 ölkədən biridir. Onlardan üçü Sakit Okeanda təcrid olunmuş adalar, dördüncüsü sərt nəzarət altında olan Şimali Koreyadır.

Türkmənistan hakimiyyəti lap əvvəldən koronavirusun ölkəyə yayılmasını inkar edib, amma bəzi qadağalar tətbiq edib və maska taxmaq məcburiyyəti həyata keçirib. Mənbə koronavirusdan real ölümün 25 mindən çox olduğunu, tibb işçilərinin pandemiyanın miqyasını kiçiltməyə çalışdığını söyləyib.

"Regional rəsmilər qorxurlar və mərkəzə ötürdükləri məlumatlarda ölü sayını azaldırlar", - mənbə vurğulayıb.

Türkmənistan xəstəliyi inkar etsə də, iyuldan yaşı 18-dən yuxarı olanlar üçün vaksini məcburi edib, Rusiya və Çindən vaksin tədarükü görüb. Virtualaz.org

Milli.Az