Avropadakı quşlar ölümcül təhlükədə - FOTO

16 Oktyabr 2021 18:24

54 ölkədən quş növlərinin 30 faizində populyasiya azalır.

Bu barədə "BirdLife İnternational" Beynəlxalq təşkilatının mütəxəssisləri deyir.

Onların məlumatına görə, Avropada hər beş növdən biri ölüm təhlükəsi altındadır: növlərin 13 faizi artıq tədricən yoxa çıxır və mövcud tendensiyalar davam edərsə digər altı növ də tezliklə belə bir təhlükə ilə üzləşəcək.

Ekspertlər 544 quş növü ilə bağlı müşahidələri təhlil edərək Avropa ekosistemlərində əsas rol oynayan növlərin qərbdə Azor adalarından şərqdə Ural dağlarına doğru yoxa çıxdığını aşkar ediblər.

O da bildirilir ki, 2015-ci ildə son hesabat nəşr olunduğundan bəri Avropanın bir hissəsində üç növün nəsli kəsilib - qəribə büldürük ("Syrrhaptes paradoxus"), üçbarmaq bildirçin ("Turnix sylvaticus") və ağbaş vələmirquşu ("Emberiza leucocephalos").

Qeyd edək ki, bir növ bölgədə beş ildir müşahidə edilmirsə, nəsli kəsilmiş sayılır.

"BirdLife"ın Avropa və Mərkəzi Asiyada təbiəti mühafizə xidmətinin müvəqqəti rəhbəri Anna Staneva, nəticələrin qorxunc olmasına baxmayaraq, təəccüblənmədiklərini deyib.

"Əsas tendensiyalar 1994, 2004 və 2015-ci illərdən əvvəlki üç hesabatın nəticələrini təsdiqləyir: populyasiyanın azalması səngimir. Quşların yaşayış yerlərinin itirilməsi (meşə yanğınları kimi), əkinçiliyin intensivləşməsi, ətraf mühitin çirklənməsi, meşəçilik təsərrüfatında qeyri-rasional metodlar və iqlim dəyişikliyi səbəbindən populyasiyaların dramatik şəkildə azalacağı proqnozlaşdırılırdı. Onların (populyasiyaya təsir edən faktorların) cəmiyyətimizin resurslardan necə istifadə etdiyinə aidiyyəti çoxdur. Bu, ciddi bir səhv etdiyimizə işarədir", - deyə Staneva bildirib.

Bununla birlikdə, mütəxəssislər vəziyyətin ümidsiz olmadığını düşünür. Onların fikrincə növlərin bərpası üçün məqsədyönlü tədbirlər təsirli ola bilər. Bu cür səylər sayəsində danquşu ("Botaurus"), Avrasiya qarquşu ("Pyrrhula pyrrhula") və ağbaş kərkəsin ("Gyps fulvus") populyasiyaları bərpa olunub. Pestisid və ovçuluq qadağaları qırmızı çalağan kimi bəzi yırtıcı quşlar üçün şəraiti yaxşılaşdırıb.

Hesabatda o da qeyd olunub ki, Avropada 2015-ci ildə nəsli kəsilmiş sayılan iki növün - Xəzər çovdarçısı ("Charadrius asiaticus") və səhra silvisinin ("Sylvia nana") yenidən görünüb.

Milli.Az