O, Vətənin sadiq əsgəri idi...

15 Oktyabr 2021 23:27

Ağdam istiqamətində yerləşən hərbi hissədə qulluq edən Əbülhəsən Eyvazov əsgər və zabitlərin sevimlisi olub, böyük xətir-hörmət qazanıb. Onun xidmət etdiyi bölüyün komandiri torpaq, yurd sevgisi ilə alışıb yanan övlad böyütdüyünə görə Əbülhəsənin atası Balaş kişi ilə görüşmək, belə vətənpərvər oğul böyütdüyünə görə ona təşəkkür etmək istəyib.

2016-cı ilin aprelində hərbi xidmətini başa çatdırıb evə dönmək vaxtı çatanda Aprel döyüşləri başlayıb. O, böyük Qələbənin müjdəçisi olan 4 günlük döyüşlərdə fəal iştirakına görə xüsusi təşəkkürnamə ilə təltif edilib.

Əbülhəsən evə qayıdandan sonra gecə-gündüz işləyərək ev tikmək, ailə qurmaq istəyirdi. Lakin Vətənin çağırışı onun arzularını yarımçıq qoyub. Ötən ilin sentyabrında başlanılan Vətən müharibəsinin ilk günündən hərbi əməliyyatlarda fəal iştirak edib.

Atası ilə sonuncu dəfə sentyabrın 28-də danışıb: "Hər şey yaxşıdır, heç bir çətinlik yoxdur. Buraların təbiəti çox xoşuma gəlir, gözəl yerlərdi...".

Həmin zəngdən bir gün sonra Balaş kişi həm oğlundan xəbər tutmaq, həm də əsgərlərimizə dəstək olmaq üçün cəbhəyə yollanıb. Qoşunların təmas xəttindəki mövqelərə gedib-gələn döyüşçülərdən onun haqqında heç bir məlumat öyrənə bilmədiyindən hərbçilərlə birlikdə oğlunun axtarışına çıxıb. Oktyabrın 28-də döyüş mövqeyindən çıxarılan şəhidlərin arasında ata öz oğlunu tanıyıb. Əbülhəsən son nəfəsinədək düşmənlə vuruşmuş, canını torpaqlarımızın azadlığı uğrunda fəda etmişdi.

Oktyabrın 29-da onun nəşini Bakıya gətiriblər. Ertəsi gün vətən fədaisi Suraxanı rayonu ərazisindəki "Dədə Qorqud" qəbiristanlığında dəfn edilib.

Ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

Milli.Az bildirir ki, atası Balaş kişi AZƏRTAC-ın müxbirinə oğluna göstərilən dövlət qayğısı və diqqətdən razılıqla söhbət açıb: "İki bacının yeganə qardaşı olan oğlumun xatirəsi əziz tutulur, ailəmizi hər cür qayğı ilə əhatə etməyə çalışırlar. Ailəmizə H. Əliyev Fondu tərəfindən yardım göstərilib, hərbi komissarlığın da maddi yardımını almışıq. Mənim və həyat yoldaşım Mətanətin məşğulluq fəaliyyəti təmin edilib. Ramanı qəsəbəsində inşa edilən doqquzmərtəbəli binanın dördüncü mərtəbəsində üçotaqlı mənzillə təmin olunmuşuq. Mənzil tam təmirli və rahatdır. "YAŞAT" Fondunun ailəmizə ayırdığı vəsaiti həmin mənzilin mətbəx mebeli və digər məişət ehtiyacları üçün sərf etmişik".

Qeyd edək ki, Əbülhəsən Eyvazov 1996-cı il noyabrın 1-də Kürdəmir rayonunun Mollakənd kəndində doğulmuşdu. O hələ körpə ikən ailə üzvləri ilə birlikdə Bakının Nardaran kəndinə, bir müddət orada yaşadıqdan sonra Xətai rayonunun NZS qəsəbəsinə köçmüşdü. 2014-cü ildə Xətai rayonundakı 165 nömrəli orta məktəbi bitirdikdən sonra həmin ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ildə hərbi xidmətini başa vuraraq evə qayıdıb. 2020-ci il sentyabrın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsindən gələn çağırışla səfərbərliyə alınıb. Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib. Füzulinin erməni işğalçılarından təmizləmək uğrunda gedən döyüşlərdə şəhid olub.

Milli.Az