Paytaxtın mərkəzində viranə həyət - VİDEO

14 Oktyabr 2021 13:18

Nəsimi Rayon İcra Hakimiyyəti qısa zamanda problemi həll etdi

Bu görüntülər heç də hansısa ucqar kənddə çəkilməyib. Gördükləriniz paytaxtın mərkəzi yerlərindən biri - Səməd Vurğun bağı ilə üzbəüz, Nəsimi rayonu 28 May küçəsi 62 ünvanına aiddir. İlk baxışdan bu yaşayış həyətində hansı vəziyyətin hökm sürdüyünü bəlkə təyin etmək mümkün deyil. Amma arkadan içəri girən kimi acı həqiqət bütün eybəcərliyi ilə qarşında canlanır. Bu həyətin sakinlərinin problem qaynağı hasarın o biri başında ucaldılan göydələni inşa edən şirkətdir. Hasar demişkən, sakinlər üçün ora əsl cənnətdir. Asfalt örtüklü, səliqəli həyət sanki onlar üçün göz dağıdır. O həyətin zibilləri, istifadə edilmiş tikinti materiallarının qalıqları isə bu həyətin payına düşür.

Sakinlər deyir ki, tikinti şirkəti bir neçə il öncə bizim evləri də almağa başladı. Bu həyətdəki bəzi evlər artıq onların mülkiyyətidir. Amma hamısı yox. Elə problemin əsası da bundadır. Çünki evini satmış sakinlər artıq bu ərazini tərk etdikləri üçün onların mülkü dağıdılıb. Bu da həmin evin divarına bitişik digər mənzillər üçün problemə çevrilib.

Yaranmış problemlə bağlı bina nəzarətçisinin fikirlərini öyrənmək istədik. Lakin həmin vaxt bizim suallarımıza cavab verə biləcək heç bir şəxsi tapa bilmədik. Bir neçə gün ərzində həmin MTK-nın nümayəndələrindən kimisə axtarmağa çalışdıq. Və elə bu gün xoş xəbər aldıq. Belə ki, Nəsimi rayon icra hakimiyyətindən bildirildi ki, sakinlərin müraciətləri nəzərə alınıb. Qurum tərəfindən Sakinlər tam köçürülənədək müəyyən abadlıq və sanitar təmizlik işləri göŕülüb. Həyətə məişət tullantıları üçün 3 ədəd konteyner də yerləşdirilib.

Sakinlərin bu problemi həll olundu. Ümid edirik ki, köçürülmə ilə bağlı məsələlər də tezliklə həllini tapacaq və bu köhnə evlərin yerində şəhərin müasir görünüşünə uyğun bina ucalacaq.

Milli.Az