Vətən qəhrəmanlarını unutmur - Qəhrəman şəhidimiz Mirağa Əliyev - VİDEO

14 Oktyabr 2021 13:06

Vətəninə bağlı olan Mirağa Əliyev vətən müharibəsinin qəhrəman övladlarından biridir. 20 yaşında şəhidlik zirvəsinə yüksələn igid, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. 

2000-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olan Mirağa Əliyev 2018-ci ilin oktyabrında Hərbi Dəniz Qüvvələrinə hərbi xidmətə yollanıb. Hərbi xidmət müddətini 2020-ci ilin 20 aprelində fərqlənmə ilə bitirib. O, ötən ilin 27 sentyabrında başlayan Vətən Müharibəsində ilk gündən ön cəbhədə kəşfiyyatçı tağımında vuruşub. Füzuli və Cəbrayılın alınmasında böyük şücaətlər göstərib.

Füzuli və Cəbrayılın keçilməz yollarını, düşmən postlarını qəhrəmanlıqla keçiblər. Düşmənin arxa cəbhəsinə dəfələrlə keçərək mühüm məlumatlar əldə ediblər. Mirağa Əliyev müharibə zamanı döyüş yoldaşlarını mühasirədən də xilas edib.

20 yaşlı hərbçimiz 29 sentyabr 2020-ci ildə Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən snayperlə açılan atəş nəticəsində ürəyindən vurularaq şəhid olub. Ağcabədi rayonunun Xocavənd kəndində torpağa tapşırılıb. Şəhidimiz ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə'' medallarlı ilə təltif edilib.

Milli.Az