İsmayıllıda narkotik alverçisi saxlanılıb - FOTO

14 Oktyabr 2021 14:06

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı əvvəllər də dəfələrlə analoji cinayət əməli ilə məşğul olduğu üçün məhkum olunmuş Mican kənd sakini Xəyyam Əhmədov tutulub. Şəxsi axtarış zamanı ondan satış məqsədilə üzərində gəzdirdiyi 47 büküm heroin aşkarlanıb.

Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat zamanı isə rayon sakini Əli Osmanov saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman sellofan bükümdə narkotik vasitə olan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Milli.Az