Səbail rayonunda yolların yenidən qurulmasına 2,6 milyon manat ayrılıb - SƏRƏNCAM

13 Oktyabr 2021 14:46

Prezident İlham Əliyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, Bakı şəhəri Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 2,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Milli.Az