Bəzi heyvan və quşları ovlayan şəxsləri sərt cəza gözləyir XƏBƏRDARLIQ - VİDEO

13 Oktyabr 2021 13:24

Adı "Qırmızı kitab"a düşən heyvanlara atəş açan şəxslər barəsində sərt tədbirlər görüləcək.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Su Nəqliyyatında Polis İdarəsi ov qaydalarını pozanlara ciddi xəbərdarlıq edib.

İdarənin brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatları mühafizə bölməsinin rəisi Aydın Şəkərəliyev deyib ki, ov mövsümü başladığından ərazilərdə polis əməkdaşlərı nəzarəti daha da artırıblar. Məqsəd "Qırmızı kitab"a düşən heyvanların ovlanmasının və digər baş verə biləcək təhlükələrin qarşısını vaxtında almaqdır.

Bölmə rəisi bildirib ki, vətəndaşlar yalnız müvafiq sənədləri əldə etdikdən sonra müəyyən edilmiş sahələrdə ovla məşğul ola bilərlər. Bununla belə, aparılan profilaktik söhbətlər və ciddi xəbərdarlıqlara baxmayaraq, ov qaydalarını pozanlara da rast gəlinir.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları bu faktlar zamanı qanunsuz olaraq ov edənlərdən 19 ədəd adı "Qırmızı kitab"a düşən quşu aşkar ediblər.

Aydın Şəkərəliyev deyib ki, qoruq ərazisində də ov etmək qadağan olunub. Bu qaydalara əməl etməyənlər cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Xatırladaq ki, ov qaydalarının pozulmasına görə, ovçu inzibati qaydada 400-1000 manat məbləğində cərimə olunur, adı "Qırmızı kitab"a düşən vəhşi heyvanların və quşları ovlayan şəxs barəsində isə cinayət işi başlanır. Həmin şəxslər belə faktlara görə 1 ildən 2 ilə qədər azadlıqdan məhrum oluna bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az