Koronavirusun təəccübləndirən xüsusiyyəti - Hər yoluxan şəxs...

13 Oktyabr 2021 10:28

"3-cü doza vaksinin vurulmasını nəinki risk qrupuna aid olan insanlar üçün, digər insanlar üçün də şamil ediləcəyini gözləmək olar".

Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.

İnfeksionist bildirib ki, koronavirusa yoluxan hər adam xəstələnmir:

"3-cü doza vaksinin vurulmasında məqsəd odur ki, 2-ci doza vaksindən təxminən 6 ay keçəndən sonra bu xəstəliyi tanıma qabiliyyəti aşağı enir. Biz sözlə, koronavirusun ağır formasından immunitetin qorunma xüsusiyyəti azalır. 3-cü doza vaksinin vurulmasında məqsəd immunitetə bu xəstəliyi yenidən tanıdaraq bir növ tanıma qabiliyyətini və xəstəliklə mübarizə qabiliyyətini artırmaqdır. Təbii ki, əgər bu belədirsə, 3-cü doza vaksin nəinki risk qrupuna aid olanlara, digər insanlara da şamil edilə bilər. 

3-cü dozanın risk qrupuna aid olan insanlar üçün əhəmiyyəti odur ki, orqanizmdə bu xəstəliyə qarşı antitellərin miqdarı yüksəlmiş olur və orqanizmimizə bu virus daxil olduğu zaman orqanizmimiz bu virusu tanıyıb, onunla mübarizə aparmaq qabiliyyətini gücləndirmiş olur. Bu o deməkdir ki, yenə də 3-cü doza bizi yoluxmaqdan deyil, xəstəliyin ağırlaşmalarından qoruyacaq. Yəni insanlar düşünməsinlər ki, 3-cü doza vaksini vurdurduqda xəstəliyə yoluxmayacaqlar. Çünki bu xəstəlikdə yoluxma başqadır, xəstələnmə başqadır.

İnfeksion xəstəliklər ümumiyyətlə belədir: Hər yoluxma xəstəliyə səbəb olmur və yaxud hər yoluxma ağır gedişli xəstəliklə müşahidə olunmur. Vaksini vurdurmaqda məqsədimiz yoluxmanın deyil, xəstəliyin ağır gedişatının qarşısını almaqdır. Bu baxımdan da nəzərə alsaq ki, həkimlərdə 2-ci doza vaksinindən sonra və yaxud da xəstələnəndən sonra təxminən artıq 5-6 ay vaxt keçibsə, bu insanların xəstəliklə mübarizə qabiliyyətini artırmaq məqsədilə 3-cü doza vaksininin vurulması məqsədəuyğundur".

Təhməz Əsədov
Milli.Az