Aeroport yolunda qəza törədən avtobus sürücüsünün 19 yaşı var imiş - Saxlanıldı

13 Oktyabr 2021 10:13

Bakıda sərnişin avtobusunun qəzasına səbəb olan yük maşınının sürücüsü saxlanılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı şəhər Baş Polis İdarəsinin Dövlət yol Polisi İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, qəzaya səbəb olan yük maşınının sürücüsü, 2002-ci il təvəllüdlü Əzizov Mahmud Babagözəl oğlu saxlanılıb.

Saxlanılan şəxs Qobustan rayon sakinidir.

Qeyd edək ki, Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı "Mercedes" markalı yük avtomobili "Ayşən LTD" şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.

Milli.Az