Nəqliyyatla bağlı yaradılan yeni Agentlikdən nə gözləyirik?

12 Oktyabr 2021 23:33

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev "Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzalayıb. Fərmana əsasən, avtomobil nəqliyyatı sahəsində idarəetmə, tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, həmçinin avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) publik hüquqi şəxs yaradılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olacaq qurum Avtomobil Nəqliyyatı Xidmətinin əsasında yaradılıb. Bəs yeni agentlik avtomobil nəqliyyatı sahəsində hansı dəyişiklikləri edəcək? AYNA-dan gözləntilər nədir?

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun dediyinə görə, ölkədə avtomobil nəqliyyatı ilə həm sərnişin, həm də yük daşımalarında çox ciddi problemlərin olması baxımından AYNA publik hüquqi şəxsin yaranması gözlənilən idi:

"Avtomobil nəqliyyatı sahəsində dövlət siyasətinin düzgün müəyyən olunması, dəqiq icrası, icraya nəzarət, fəaliyyətin düzgün koordinasiyası sahəsində çox ciddi boşluqlar var. Bütün bunlar aradan qaldırılmalıdır. Ümid edirik ki, yeni yaradılan AYNA həmin problemlərin aradan qaldırılmasında fəal olacaq və nəticələri görəcəyik. Birincisi, nazirliyin adı dəyişdirildi. Həmin nazirliyin tabeliyində Dövlət Avtomobil Nəqliyyatı Xidməti və bu xidmətə bağlı olan regional idarə və müəssisələrin hamısı birləşdirildi.

Ölkəmizin 3 böyük şəhərində Bakı, Sumqayıt və Gəncədə ictimai nəqliyyatın idarə olunması Nəqliyyat Nazirliyinə tabe olmayan başqa qurumlar tərəfindən həyata keçirilib. Paytaxt Bakı yenə əvvəlki kimi Bakı Nəqliyyat Agentliyində qalır, Sumqayıt və Gəncənin ictimai nəqliyyatı idarə edən idarələri artıq yerli icra hakimiyyətlərinə yox, AYNA-ya birləşdirilib. Bu, əslində doğru qərardır, hələ bir az da irəli getmək lazımdır. Əslində ölkə üzrə bütün ictimai nəqliyyat da vahid mərkəzdən idarə olunsa, daha doğru format olar".

Həmçinin oxuyun: Azərbaycanda Yerüstü Nəqliyyat Agentliyi yaradıldı

Ə. Hüseynov hesab edir ki, AYNA-nın yaradılması ilə dövlət bücdəsinin yükü azalacaq. Çünki publik hüquqi şəxslərin təsərrüfat fəaliyyəti ilə məşğul olma imkanlarına görə oradan da gəlir əldəetmə hüquqları var:

"AYNA da həmin imkanlardan istifadə edəcək. Publik hüquqi şəxslərlə müqavilələr bağlanır və dövlət də onlara sahibkarlıq subyekti kimi sifariş verir. Bu da maliyyələşmənin daha yaxşı olması və dövlət büdcəsinin yükünün azaldılması deməkdir. Ən başlıca gözləntimiz odur ki, nəhayət ki, ölkəmizdə avtomobil nəqliyyatı ilə bağlı yığılıb qalmış problemlərin həllinə başlanılacaq.

10-12 il əvvəl keçmiş Nəqliyyat Nazirliyinin vaxtında Azərbaycanda avtomobil nəqliyyatı ilə həm sərnişin, həm də yük daşımalarda kifayət qədər mükəmməl qanunvericilik qəbul olunub. Amma həmin qanunvericiliyin bu günə qədər demək olar ki, 70 faizi kağız üzərindədir. İcazə sistemi, sürüclərə dair tələblər, nəqliyyata dair tələblər, taksi daşımalarındakı pərakəndəlik hər kəsin gözü qabağındadır. Ümid edirik ki, bu sahədə irəliləyiş olacaq. Yeni təşkilat həm də yeni nəfəs deməkdir".

Ekspertin sözlərinə görə, avtomobil nəqliyyatı ilə bağlı təkmilləşdirmədə növbəti addım ölkənin avtomobil nəqliyyatını idarə edəcək vahid qurumun yaradılmasıdır. Ölkənin nəqliyyat sistemindəki müsbət dəyişikliklərin nə vaxt hiss olunacağına  gəlincə isə, Ə. Hüseynov hesab edir ki, təxminən 5-6 aydan sonra ilk addımları görə biləcəyik.

Milli.Az