Tehranın Zəngəzur planı - Bu dəfə Rusiyaya xəyanət İrəvan üçün FACİƏ OLAR

12 Oktyabr 2021 14:28

"İranın Zəngəzur ərazisində hərbi baza yaratmağa cəhd edəcəyini düşünmürəm. Belə bir fikirlər əyalət mollaları səviyyəsinə səslənə bilər. Amma bu, real olaraq mümkünsüz görünür. Çünki buna qarşı Azərbaycan, Rusiya və Türkiyə birmənalı olaraq əks çıxış edəcəklər".

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, Rusiya razı olmaz ki, İran Zəngəzurda hərbi baza qursun: 

"Ermənistan KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı" blokunun üzvüdür, onun cənub qanadını təşkil edir. Buna görə də bir hərbi bloka daxil olan ölkənin ərazisində blok üzvü olmayan digər bir tərəfin hərbi baza yerləşdirməsi Ermənistandan başqa, digər blok üzvlərinin razılığının əldə edilməsini tələb edir. Bu baxımdan da Rusiya Ermənistandakı təsirinin azalmaması məqsədilə belə bir bazanın yaranmasına razı olacağı mümkün görünmür. 

Zəngəzurla sərhədləri olan Azərbaycan da bu məsələyə təbii ki, yox deyəcək. Bu, regionun daha da hərbiləşdirilməsinə gətirib çıxara bilər. Türkiyə də belə olan halda təbii ki, bu bazanın təsirini azalda biləcək fəaliyyətlər həyata keçirə bilər. Bunu hər üç tərəf - həm İran, həm Türkiyə, həm də Rusiya, hətta Ermənistanın özü də çox yaxşı anlayır. Ona görə də düşünmürəm ki, belə bir addım reallaşmış olsun. Bu prosesin həyata keçirilməsi üçün mexanizminin yaradılması kifayət qədər qəliz və mürəkkəb bir prosesdir, baş tutacağı ehtimalı isə çox aşağıdır".

Qeyd edək ki, İran baş hərbi və strateji mütəxəssisi, İranın prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Diyako Hosseini açıqlama verib ki, "Təlimlər lazımdır, amma kifayət qədər deyil. Azərbaycan Respublikası ilə İsrail rejiminin arasındakı dağıdıcı əməkdaşlıq İranın digər həyati maraqlarına məhəl qoymadan davam edəcəksə, Ermənistanla təhlükəsizlik sazişi bağlamağı nəzərdən keçirməliyik. Və Sünik (Zəngəzur) bölgəsində İran ordusu mövcudluğu vacibdir". 

Təhməz Əsədov
Milli.Az