Allahın hamının üzərində haqqı var, amma heç kəsin Allah üzərində haqqı yoxdur

17 Oktyabr 2021 22:50

İmam Əli (ə) buyurur: "Haqq birtərəfli deyildir, o kəsin ki, başqasının öhdəsində haqqı var, başqasının da onun üzərində haqqı olar".

İmam Əlinin (ə) bu nurani kəlamına diqqət edərək belə nəticəyə gəlmək olur ki, rabitələr həmişə ikitərəfli olar. Valideyn və övlad rabitəsi kimi. İmam Kazım (ə) buyurur: "Bir nəfər Peyğəmbərdən (s) soruşur: "Atanın övladı üzərindəki haqqı nədir?"

Həzrət (s) buyurur: "1. Onu adı ilə çağırmasın.

2. Yol gedən zaman onu qabaqlamasın.

3. Ondan əvvəl əyləşməsin.

4. Elə bir iş görməsin ki, insanlar atasını söysünlər".

Başqa bir hədisdə oxuyuruq ki, Həzrət (s) buyurur: "Övladın atası üzərindəki haqqı üç şeydir: ona yaxşı ad qoymaq, yazmağı öyrətmək və həddi-büluğa çatan zaman onu evləndirmək".

Bu insanların kiçik cəmiyyətinə aid olan haqlarıdır. Bu haqlar ancaq insanlara aid deyildir. Bu haqq insanla heyvan rabitəsinə də şamil olar. Belə ki, Peyğəmbər (s) buyurur: "Atın, öz sahibi üzərində haqqı vardır. Enən zaman ot verməyə başlasın. Suyun yanından keçəndə ona versin. Heç bir zaman onun üzünə vurmasın. Çünki o, həmd məqamında Pərvərdigara təsbih edər. Allah Təala yolunda görəcəyi işə görə onun belində dayansın. Gücü çatmayan yükü ona yükləməsin. Gücü çatmayan qədər yolu aparmasın".

Allahla insanın rabitəsi isə tamamilə başqa bir məsələdir. Allahın insanlar üzərində olan haqqına heç bir insanın şübhəsi olmaz. Pərəstiş etdiyin Allahın haqqı sənin üzərində çox böyükdür. Ona heç bir şərik qoşmursan, əgər bu işi ixlasla etsən Allah da sənin dünya və axirət işlərini öhdəsinə götürər. İnsan Allahın bəndəsidir və gərək bəndəlik haqqını əda etsin.

İmam Sadiq (ə) buyurur: "Tövratda yazılmışdır: "Ey Adəm övladı! Özünü Mənə bəndəlik etmək üçün ayır ki, Mən də sənin ürəyini ehtiyacsızlıqla doldurum. Səni özbaşına buraxmayım. Mənim öhdəmdədir ki, hacətini yerinə yetirim. Ürəyini Öz qorxumla doldurum. Əgər özünü Mənim ibadətim üçün ayırmasan, ürəyini məşğul olduğun dünya işləri ilə dolduraram. Ondan sonra ehtiyacını vermərəm. Məni tələb etməyi öhdənə qoyaram". (Yəni, səni möhtac edərəm ki, Məni tələb edəsən).

Mərhum Ayətullah Bəhaidini buyurur: "Gərək Allahın bəndəsi olasan. Hava və həvəsin bəndəsi olmayasan".

İmam Əli (ə) buyurur: "Ancaq Allahın mövcudları üzərində haqqı olar, varlıqların Onun qarşısında vəzifə və məsuliyyətləri vardır. Ancaq heç bir varlığın Onun üzərində haqqı yoxdur".

Allah adil olduğu üçün Öz vəzifələrinə həmişə gözəl şəkildə əməl edir. Allah Təala Öz fəzlini heç bir varlığından əsirgəmir. Hər bir kəsə Öz fəzlindən inayət edir. Ona görə də heç bir varlığın Onun üzərində haqqı yoxdur.

Milli.Az