Nə üçün bu alimin hekayəti susuz heyvanın hekayətinə bənzədilir?

17 Oktyabr 2021 22:20

Hələ qədim zamandan insanlar bənzətmə yolu ilə öz məqsədlərini qarşı tərəfə daha asan çatdıra bilirdilər. Quran Allahın kitabı olduğu üçün ən əlamətdar bənzətmələri bu kitabda qərar vermişdir.

"(Musanın zamanında yaşamış alim Bəl'əm Bauranın) hekayətini oxu. Əgər istəsəydik, həmin ayələrin vasitəsi ilə onu(n məqamını) mütləq (məcburi şəkildə) ucaldardıq. Lakin o(nu bəşəriyyətin yol seçməkdə ixtiyar sahibi olması ənənəsinə uyğun olaraq, azad qoyduq və o) alçaqlığa meyl edərək, yerə ürək bağladı və öz nəfsi istəklərinə tabe oldu. Buna görə də onun hekayəti (o) susuz və ya yorğun itin hekayətinə bənzəyir ki, ona hücum etsən də dilini çıxarar, boşlasan da dilini çıxarar (bu şəxsi qorxutmağınla nəsihət verməyin birdir). Bu, Bizim ayələrimizi təkzib etmiş dəstənin məsəlidir. Odur ki, bu hekayəti nəql et, bəlkə düşündülər. Bizim ayələrimizi təkzib etmiş və özlərinə zülm edən dəstə(nin məsəli) necə də pis bir məsəldir". ("Əraf" 175-177).

Bu ayələrdə o alimlərdən söz açılmışdır ki, mənəvi məqama çatmış və düz yolda irəliləmişdilər. Lakin tədricən yollarını azmış və İlahi dərgahdan qovulmuşdular. Allah bu alimləri quduz itə bənzətmişdir ki, başqaları bundan ibrət alsınlar.

Bələm Baurani Bəni-İsrayilin məşhur alimlərdən biri olmuşdur ki, ibadət yolunda gözəçarpacaq dərəcədə irəliləmişdi. O yerə qədər ki, etdiyi duaları qəbul olardı. O zaman ki, Həzrət Musa (ə) nübuvvət maqamına nail olur, bu iş onun ürəyinə kin və həsəd toxumu səpir. Həsədin atəşi hər gün artır və fəzilətlərini yandırmağa başlayır. Nəhayət o, Fironun sarayına gedib çıxır və bütün iftixarını əldən verir. Şeytanın ardınca getdiyi üçün aqibəti də şər olur.

Allah Təala bu alimi quduz itə bənzədir. İtlər adətən insanlara xidmət edərlər. Lakin quduz it xəstələndiyi üçün İslamın nəzərində dəyərsiz bir heyvandır. Çünki xəstəlikdən əvvəl işi xidmət etmək idisə, indi işi insanlara maneçilik yaratmaqdır. Bu itlər adətən ağızlarını açıq qoyarlar ki, daxillərini bu yolla sərinlədə bilsinlər. Çünki bədən hərarətləri yüksək olar. Onlar həmişə susuzdurlar və heç bir zaman sirab olmazlar. O, hər bir halda insana hücum edər və əziyyət verər.

Allah Təala bu ayədə həmin alimi ona görə quduz itə bənzədir ki, bu alim də it kimi insanlara əziyyət verər və təhlükəlidir. Dünya istəkləri gözünü qaraltmışdır. Nə dost tanıyır, nə də düşmən. Allah Təbarəkə və Təala bu ayədə buyurur ki, həmin alimlərin təhlükəsi, zəmanənin zalım hakimlərinin təhlükəsindən az deyildir. Onlar insanların etiqad bağlarını zəiflədər və əməlsiz insanlara çevirər. Dinə olan imanı süstləşər və axirətə görə də şühbə içində olmağa başlayarlar. İnsanlar bu alimlərə baxıb, özlərini onlarla müqayisə edər və nəticəsində ziyandan başqa bir şey olmaz.

Milli.Az