Turizmin Xocavənd mənzərəsi - VİDEO

12 Oktyabr 2021 15:54

Xocavənd Qarabağ iqtisadi rayonunun turizm mərkəzi olacaq

Milli.Az Real TV-yə istinadən bildirir ki, Xocavənd rayonu strateji əhəmiyyəti ilə yanaşı, böyük iqtisadi potensialı ilə də seçilir.

Rayon turizm, sənaye, aqrar, eləcə də xidmət sektorunda müqayisəli üstünlüyə malikdir. Hər daşı, hər qayası, hər mağarası tarixin canlı şahidi olan Xocavənd, həm də dağlıq relyefi ilə turistlərin diqqətini cəlb edə bilər.

Bəşər sivilizasiyasının beşiyi olan Azıx mağarasının, həmçinin qədim tarixə malik Tağlar mağarasının, V-VIII əsrlərə aid qədim qalaların, Alban məbədlərinin məhz bu ərazidə yerləşməsi onun turizm əhəmiyyətini birə-beş artırır.

Kifayət qədər böyük xammal bazasına, təbii-faydalı ehtiyatlara malik olması rayonun geniş sənaye imkanlarından xəbər verir. Üzümü və yaşıl mərməri ilə məş­hur olan Xocavənddə əsas təsərrüfat sahələri heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq və tərə­vəz­çi­lik­dir.

Qarabağ iqtisadi rayonuna daxil olan Xocavənddə ehtiyatları 2 milyon 34 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Ediş, ehtiyatları 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı, yeraltı şirin su yataqları, Köndələnçay, Xonaşen və Quruçay çayları var. Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə, Kuropatkin adlanan ərazisində 6 min hektara qədər ərazidə olan ağaclar qırılaraq məhv edilib.
Rayonun Qırmızı bazar qəsəbəsində yaşı iki min və min il olan iki qədim Şərq çinarı təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində respublikanın "Qırmızı kitab"ına daxil olmuş III dövrün relikt növünə aid, orta diametri 24 santimetr, hündürlüyü 12 metr, yaşı 100 ildən artıq olan azat ağacları da mühafizə edilirdi.

Milli.Az