Atasının Qazi olduğu torpaqda şəhid olan igid - VİDEO

12 Oktyabr 2021 17:36

O, ər oğlu ər, zabit oğlu zabit, qəhrəman oğlu qəhrəman idi. Hərbçi və Birinci Qarabağ savaşının qazisi olan atasının yolunu davam etdirməyi, onun yarımçıq qalan missiyasını başa çatdırmağı özünə borc və vəzifə bilirdi. Peşəkar hərbi təhsil alıb zabit kimi XTQ-də xidmət edirdi kapitan Ruslan Qəhrəmanov. Vətən müharibəsini də borcunu və vəzifəsini yerinə yetirmək üçün fürsət bildi. "Qalsam qəhrəmanam, ölsəm şəhidəm" deyib savaşa atıldı.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, 1988-ci ildə hərbçi ailəsində doğulub Ruslan Qəhrəmanov. Uşaqlıqdan atasının peşəsinə maraq göstərir, onun kimi zabit olmağa can atırdı. Ağlı kəsməyə, torpaqlarımızın düşmən tapdağında olduğunu dərk etməyə başlayanda isə bunu həm də bir borc olaraq gördü özünə. Əvvəlcə hərbi liseyi, sonra isə Ali Hərbi Məktəbi bitirdi, xidmətə XTQ-dən başladı. Qısa müddətdə peşəkar bir zabit kimi fərqləndi, irəli çəkildi. Özü ilə bərabər onlarla döyüşçünü Vətənin azadlığı uğrunda savaşa hazırladı.

Kapitan Ruslan Qəhrəmanov döyüşlərə elə ürəklə atılmış, şəhadətə elə susamışdı ki, bu müqəddəs adı da özünə hədiyyə etdi. Füzuli uğrunda döyüşlər zamanı  namərd düşmənin snayper gülləsinə tuş gəldi.

Eldən, ocaqdan bir oğul gedib, ağır itkdir, ancaq Ruslan elə bir ad qoyub ki, bütün doğmlara nəinki təsəlli, həm də qürur verir, şərəf verir. Şəhid zabitimiz ölümündən sonra "Azərbaycan bayrağı" ordeni və torpaqlarımızın azad edilməsinə görə verilmiş 5 medalla təltif edilib.

Milli.Az