Sumqayıtda hamilə arvadını boğub öldürən şəxsdən YENİ XƏBƏR

12 Oktyabr 2021 11:22

Bakı Ağır Cinayətlər Məhhkəməsində Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Anar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.Məhkəmənin hökmü ilə A. Əhmədov 16 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 7-də gecə saat 23 radələrində Sumqayıt şəhərində baş verib. Şəhər sakini 1987-ci il təvəllüdlü Şəhanə Əhmədovanın dənizdə boğularaq ölməsi ilə bağlı məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla 1986-cı il təvəllüdlü Anar Əhmədovun Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən istirahət mərkəzindən dənizə birlikdə daxil olduğu hamilə arvadı Şəhanə Əhmədovanı aralarında yaranmış mübahisə nəticəsində boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az